-
Aprelin 8-də Dövlət Neft Fondunda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib. Bu haqda fondun mətbuat xidməti məlumat verir.
Komissiyanın yeni tərkibinə Neft Fondu, SOCAR, Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildir.
Fondun məlumatına görə, ilk toplantıda iştirakçılara MHŞT ilə bağlı ümumi məlumat verilib. Azərbaycanla MHŞT arasındakı münasibətlərin cari durumu və yeniliklərlə tanış olublar.
MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standart sayılır. Beynəlxalq maliyyə quruluşları iri həcmli kreditlərin ayrılması ilə bağlı qərarlar verərkən bu qurumun rəyi önəmli sayılır.
Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib.
Yanvarın sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.
Fevralda isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov təşkilatın İdarə Heyətinə 2016-2019-cu illər üzrə keçirilən seçkiləri uduzmuşdu.
Yerli ekspertlər düşünür ki, neftin qiyməti yüksək olanda və Azərbaycan xaricdən kredit almaqda həvəsli olmayanda şəffaflıq mövzusu hökumətin bir elə də yadına düşmürdü.