-
Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditə görə həbs olunan “Bermud City” MMC-nin rəhbəri Səməd Sadıqovun hüquqlarını müdafiə komitəsi müraciət yayıb.
Müqavilə üzrə 2020-ci ilə qədər ödənilməsi nəzərdə tutulan kreditə görə, ittiham olunan iş adamının müdafiəçiləri onun qanunsuz həbs olunduğunu qeyd edir.
“İndi ödə” deyə tələb edirlər
Müraciətdə vurğulanır ki, biznesdə 10 ildən artıq təcrübəsi olan S.Sadıqovun ümumi dövriyyəsi 2015-ci ildə 12 milyon dolları ötüb. Biznesdə kreditlərdən də istifadə edən iş adamı “Parabank”, Azərbaycan Beynəlxalq Bankının müştərilərindən olub. Həmin illərdə adları çəkilən banklardan ümumi məbləği yüz minlərlə manatla ölçülən kreditlər götürüb. Kredit öhdəliklərini davamlı olaraq nümunəvi şəkildə icra edib.
“S.Sadıqov qısa zamanda iri biznes şəbəkəsi qurmağa nail olub. Biznes şəbəkəsi əsasən, məişət texnikası, qida, habelə media sahəsini əhatə edib. Məişət və elektroqida sektorunda Azərbaycanın bütün bölgələrində üst-üstə 3200-dən artıq topdan və pərakəndə satış məntəqəsi yaradılıb. Bu şəbəkə ümumilikdə 5000-dən çox insanın qazanc mənbəyi olub. 2014-cü ildə 30-dan artıq jurnalistin çalışdığı “City TV” internet televiziya kanalı layihəsi yaradılıb ” deyə müraciətdə qeyd edilir.
İş adamı necə həbs edilib?
Müraciətdə qeyd edilir ki, S. Sadıqovun bütün bu işlərin qurulmasına xərclədiyi vəsaitlər daxilində Beynəlxalq Bankdan götürülən 4.410.000 min manat vəsait də olub:
“Bu vəsait iş adamının biznesinin bir hissəsini təşkil edib. Bankla iş adamı arasında 2013-cü ildə bağlanmış müqaviləyə görə, kreditin 2020-ci ilədək ödənilməsi nəzərdə tutulub. Kredit üzrə ödəmələr zamanında həyata keçirilsə də, ölkədə Beynəlxalq Bankla bağlı yaranan qalmaqal zamanı S.Sadıqov da hədəfə çevrilib. Kredit müqaviləsi üzrə bütün öhdəlikləri zamanında icra edən iş adamından götürdüyü bütün vəsaiti dərhal ödəmək tələb olunub. İş adamı isə bunu qısa müddətdə edə bilməyib” deyə müraciətdə bildirilir.
Nəticədə iş adamı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edərək həbs edib. Müraciətdə qeyd edilir ki, onun həbsdə saxlanması həm iri biznes şəbəkəsinin işini iflic edib, həm də kreditin ödənilməsində ciddi problemlər yaradıb.
“Bermud City” MMC rəhbəri Səməd Sadıqov ötən il oktyabrın 12-də saxlanılıb. Kredit borcu olan iş adamına dələduzluğa görə, ittiham irəli sürülüb.
Beynəlxalq Bankdan kredit götürüb qaytarmamağa görə, bir çox iş adamı həbs edilib, bəziləri isə axtarışa verilib. Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də hazırda həbsdədir.