-
Hesablama Palatası 18 faiz səviyyəsində müəyyən edilən əlavə dəyər vergisinin differensiallaşdırılmasını təklif edir.
APA-nın xəbərinə görə, palata hesab edir ki, 2015-ci ildən enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan kəskin azalmalar iqtisadiyyatda artım templərinin səngiməsini şərtləndirsə də bunu fürsətə çevirmək olar.
Palatadan bildiriblər ki, iqtisadiyyatdakı azalma ilk baxışda mənfi səciyyələndirilsə də şaxələndirilmiş modelə keçid dövründə gərəkli addımları atmaqla irəliləyiş əldə etmək olar. Bu zaman bazar qiymətlərinin vergi dərəcələrinin optimallaşdırılmasına gedilə bilər.
“Vergi dərəcələrinin optimallaşdırılması zamanı əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılması nəzərdə tutulmalıdır. Həmin stimullaşdırıcı tədbirlər çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan əlavə dəyər vergisinin dərəcəsinin differensiallaşdırılmasından ibarətdir”.
Palata qeyd edir ki, qeyri-xammal iqtisadi modellərə malik əksər ölkələrdə ƏDV-nin standart dərəcəsinin mal qrupları üzrə differensiallaşdırılması təcrübəsi mövcuddur.
Bunları nəzərə alaraq Hesablama Palatası vergi qanunvericiliyinin əlavə dəyər vergisini 18 faiz səviyyəsində müəyyən edən normalarının dəyişdirilməsinin məqsədəmüvafiq olduğunu ifadə edir.
ƏDV dərəcəsinin diferensiallaşdırılsı dedikdə müxtəlif faiz dərəcələrinin müəyyən edilməsindən söhbət gedir. Yəni, belədə əlavə dəyər vergisi maldan və onun qruplarından aslı olaraq müxtəlif ola bilər.