-
“İntiharları araşdırmaq üçün öncə, ölkədə nə baş verdiyini öyrənmək lazımdır”.
Bunu Azadlıq Radiosuna intiharlar mövzusundan danışarkən psixoloq Azad İsazadə bildirib.
A. İsazadənin sözlərinə görə, Azərbaycanda intiharların çoxalması son 3 ilə təsadüf edir: “Bir tərəfdən ölkədəki ağır iqtisadi durum, digər bir tərəfdən kütləvi ixtisarlar, işsizlik...Üstəlik, devalvasiyanın yaratdığı problemlər belə hallara səbəb olur. Amma bu hamısı deyil ”.
A. İsazadənin fikrincə, problem oradadır ki, bütün bu halları öyrənən mərkəz yoxdur: “İntihara səbəb olan hallar, maddi vəziyyətdən tutmuş emosional səbəblərə qədər bütün informasiyaları araşdıran Mərkəz yoxdur. Biz ancaq pərakəndə şəkildə olan informasiyalara əsasən fikirlərimizi bildiririk”.
A. İsazadə məlum devalvasiyalardan sonra “kredit intiharları” adlı qrup yarandığını qeyd edir: “ Bu təkcə sosial məsələ deyil, həm də öz çalarları var, hakimiyyət insanları bu yükdən azad etməlidir. Əks halda, bu intiharlar davam edəcək ”.
Psixoloqun fikrincə, əsas risk qrupları yeniyetmələr və ahıl yaşa yaxın insanlardır. Bu qruplar dam öyrənilməlidir: “Bu risk qrupları ilə işlənilməlidir. Məktəblərə, valideynlərə uyğun nazirliklərə bilgilər verilməli, tövsiyələr çatdırılmalıdır. Bir sözlə, qabaqlayıcı tədbirlər görülməlidir ”.
A. İsazadə Azərbaycanda belə önləyici tədbirlər sisteminin olmadığını deyib. “Biz ancaq nəticələrə qarşı mübarizə aparırıq. Əgər, intihar edən sağ qalarsa onda izah edirik ki, bunu etmək olmaz . Bu da ki, “ daldan atılan daş topuğa dəyər” aforizminə bənzəyir”.
Son zamanlar intiharların sayca artmasını narahatlıqla qarşıladığını deyən A. İsazadə bunu Şərq insanı üçün xarakterik saymır: “Ümumiyyətlə, intihar Şərq insanı üçün xarakterik deyil. Ona görə də intiharların sayının artması narahatedicidir. Burada yaş qrupundan əlavə, qadınların, kişilərin intihar səbəbləri öyrənilməlidir . Bunu tam şəkildə öyrənə bilmədən ona qarşı mübarizə effektsiz olacaq”.
Psixoloqun fikrincə hətta, intiharın özündə bir “dəb” məsələsi də var: “Bir də görürsən ki, intiharlarda özünü asmaq növü aparıcı olur. Bir də görürsən özünü hündür yerdən atanlar çoxalır . Bunun hamısı öyrənilməlidir ”.