-
Rusiya və şəxsən prezident Vladimir Putin bu yaxınlarda başlayacaq Dağlıq Qarabağ üzrə danışıqlarda kompromisə nail olunmasına fəal yardım göstərəcək.
Turan-ın xəbərinə görə, Rusiyanın “İzvestiya” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən belə yazır.
Yazıda qeyd edilir ki, Rusiyalı lider hər iki tərəfin siyasətçilərini kompromisin vacibliyinə inandırmağa hazırdır. Ancaq tərəflərin heç biri güzəştə getməyə hazır deyil.
“Söhbət hərbi əməliyyatların dayandırılmasından gedəndə hər iki tərəf danışıqlar masasına oturmağa hazırdır. Lakin dərhal qarşılıqlı iddialar və ərazi məsələsi yada düşür, problem həll olunmamış qalır. Qarşıda ağır danışıqlar var və Rusiyanın yardımı olmadan keçinmək olmayacaq” - mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiyanın nizamlanma planı ondan ibarətdir ki, ərazilərin bir hissəsi Azərbaycana qaytarılsın, münaqişə zonasına sülhməramlılar yeridilsin. Qaçqınlar qaytarılsın və Qarabağ legitimləşdirilsin (yəni sərhədlərin açılması təmin edilsin və iqtisadi əlaqələr bərpa edilsin). Sonra ehtiraslar səngiyəndə regionun mənsubluğu barədə referendum keçirilsin. Lakin referendum tərəflərin birinin xeyrinə müəyyən olunmadıqca tərəflərin heç biri bu planla razılaşmaq istəmir.
Bundan öncə “birbaşa xətt”də Vladimir Putin vəd edib ki, Moskva həm beynəlxalq qurumlar, həm də ikitərəfli qaydada Qarabağ probleminin həlli üzrə səyləri davam etdirəcək.
“Kim nə deyir desin, Rusiya bu məsələnin həllində maraqlıdır. Çünki biz həm Azərbaycanla, həm də Ermənistanla tam şəkildə işləmək istəyirik”, - V.Putin vurğulayıb.