-
İqtisadiyyat naziri Şahin Mustafayev bu gün bəzi supermarket sahibləri ilə görüşüb.
«Trend»in xəbərinə görə, aprelin 18-də bəzi supermarket («Bizim Market», «Fresco», «Sebet», «Makromart», «Araz», «Neptun», «Bolmart») sahibləri İqtisadiyyat Nazirliyinə məktub göndərmişdilər.
Məktubda ölkədə istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi xahişi edilirdi. Xüsusilə də ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi istənilirdi.
İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, Şahin Mustafayev bu gün sahibkarların təkliflərini dinləyib. Hazırda bu məsələ nəzərdən keçirilir.
Supermarket sahibləri müraciətlərində qeyd edirdilər ki, manatın üzən məzənnəyə keçməsindən sonra məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.
Onların fikrincə, pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədəuyğun olardı.