►Əliməmməd Nuriyev: “Yaxın vaxtlarda planı Azərbaycan prezidentinin təsdiqləyəcəyi gözlənilir ”
“Son vaxtlar vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması üzrə mühüm addımlar atılıb. Bu sahədə, yeni siyasi iradə nümayiş etdirilir ”.
Bu fikri Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və monitorinq Komissiyasının rəhbəri Əliməmməd Nuriyev söyləyib.
Turan-ın xəbərinə görə, Ə.Nuriyev bir çox QHT-nin bank hesabından həbslərin götürüldüyünü qeyd edib.
O, buna son nümunələr kimi “Azad iqtisadiyyata yardım”, “Vətəndaş cəmiyyəti naminə” və “Media və İctimai Təşəbbüslər Mərkəzi”-nin hesabından həbsin götürüldüyünü göstərib.
Bundan öncə isə, “Hasilat sənayesində şəffaflıq təşəbbüsləri” beynəlxalq koalisiyasından 8 QHT-nin hesabından həbs götürülüb.
Ə. Nuriyev qeyd edib ki, prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının hüquq və monitorinq Komissiyası qanunvericilik sahəsində müəyyən təhlillər aparır:
“QHT-lərin vəziyyətinə dair milli hesabat hazırlanır. Sonuncu dəfə belə hesabat 2010-cu ildə hazırlanıb. Bundan əlavə, QHT ilə dialoq platformaları genişləndirilir”.
Ə. Nuriyev deyib ki, vətəndaş cəmiyyətinin inkişafı üzrə Milli Fəaliyyət Planı hazırlanıb . Yaxın vaxtlarda onu Azərbaycan prezidentinin təsdiqləməsi gözlənilir. Milli planda ictimai iştirakın genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə sahəsi üzərində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı QHT-lərin təklifləri öz əksini tapıb.