-
Multikulturalizm, həlak olan hərbi qulluqçuların icbari sığorta haqlarının verilməməsi, kredit borclarına görə həbslər və Xəzər çimərliklərinin hasarlanması bu gün medianın aparıcı mövzusudur.
BİRLƏŞDİRİCİ LİDER...
«Azərbaycan» qəzetində «Birləşdirici lider» adlı yazı dərc edilib.
Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun qələmindən çıxan yazıda mərhum prezident Heydər Əliyevin irsindən bəhs edilir. «Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, ölkədə hökm sürən gərginliyə baxmayaraq, yenə də islam abidələrinin bərpasına böyük əhəmiyyət verdi. 1993-cü il sentyabrın 5-də yenidən bərpa olunan Təzəpir məscidinin açılışındakı çıxışında Azərbaycanda tolerantlığın və dini dözümlülüyün qədim köklərə malik olduğunu xüsusilə vurğuladı»,- deyə şöbə müdiri yazır.
Məqalədə qeyd edilir ki, Heydər Əliyevin multikulturalizm ideyalarını bu gün prezident İlham Əliyev davam etdirir: «Müstəqillik dövründə iki minə yaxın məscid, digər dinlərin məbədləri, o cümlədən pravoslav, katolik, alban kilsələri, sinaqoqlar inşa olunub. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidi yenidən qurulub. Dövlət başçısı Azərbaycandakı tolerantlığın artıq digər ölkələr üçün nümunəyə çevrildiyini vurğulayıb».
QARABAĞ SAVAŞINDA ÖLƏNLƏRİN HAQQI...
«Azadlıq» qəzeti hərbi ekspert Üzeyir Cəfərli ilə Qarabağ döyüşlərində həlak olan insanların ailələrinə ödənməli olan sığorta pullarının verilməməsini gündəliyə gətirib.
Ü.Cəfərli qəzetə deyib ki, əgər hərbi qulluqçu həlak olubsa, ailəsi 11 min manat, yaralanıbsa, xəsarət dərəcəsindən asılı olaraq həmin məbləğin 40-80 faizini almalıdır: ««Azərsığorta» şirkəti müxtəlif bəhanələrlə bu vəsaiti illərdir ödəməkdən imtina edir. Şəhid ailələri bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma adıçəkilən şirkət bu müraciətlərə reaksiya belə verməyib».
Ü.Cəfərlinin fikrincə, Hesablama Palatası «Azərsığorta»nı yoxlamalıdır: «Buradakı vəsaitlərin şəffaflığı ilə bağlı araşdırma aparılarsa, bu şirkətdə olan bəzi şəxslərin yaşam yeri və məkanı dəyişər». Ü.Cəfərli üstəlik, Baş Prokurorluğu da bu məsələ ilə bağlı araşdırma aparmağa çağırır. Onun deməsinə görə, nəzərə almaq lazımdır ki, keçən bu müddət ərzində bir neçə dəfə devalvasiya baş verib: «Manatın iki dəfə devalvasiyaya uğraması nəzərə alınarsa, ödəniləcək pul, ən azı, iki dəfə artırılmalıdır. Onlar həyatlarını vətən uğrunda itiriblər. Amma təəssüf ki, şəhid ailələri hələ də qanunla onlara çatmalı olan pulu ala bilmirlər».
FİZİKİ ŞƏXSLƏRİN MÜFLİS OLMASI HAQDA QANUN YOXDUR
«Exo» qəzeti isə banklara borclu olan insanların həbsi məsələsini müzakirəyə çıxarıb.
Hüquqşünas Əkrəm Həsənli qəzetə deyib ki, vaxtıkeçmiş kredit borcuna görə Azərbaycanda son vaxtlar 5 nəfər həbs edilib: «Bu borclulara münasibətdə inzibati cəzalar tətbiq edilir. Odur ki, həbs bir aydan çox davam edə bilməzdi. Amma bunun özü də yolverilməzdir. Bunu dəqiq deyə bilərəm ki, bu qərarla məhkəmələr hədlərini aşıblar».
Hüquqşünas qeyd edib ki, vətəndaş yalnız gəliri olduğu halda bank kreditini ödəməkdən yayınırsa, həbs oluna bilər: «Əgər insanın gəliri yoxsa, yarıac, yarıtox yaşayırsa, onu həbs etməyə heç kimin ixtiyarı yoxdur».
Ə.Həsənlinin bildirməsinə görə, bütün dünyada fiziki şəxslərin müflis olması haqda qanun var. O, Azərbaycanda belə qanunun olmamasını tənqid edir: «Bu, ölkənin bütün maliyyə sisteminə böyük minusdur».
O, çıxış yollarından da bəhs edib: «Bunun ən sadə yolu belədir. Bank məhkəməyə müraciət edir, məhkəmə araşdırma aparır ki, şəxsin gəliri var, ya yox. Daha sonra qərar qəbul edilir ki, ödənsinmi, möhlətmi verilsin və s.».
KORRUPSİYA VƏ RÜŞVƏT HASARLARI
«Novoye Vremya» qəzeti çimərlik mövsümünün yaxınlaşması ərəfəsində Xəzər dənizi sahillərindəki vəziyyəti təhlil edib. Məqalədə oxuyuruq: «Bakının bütün yaxşı çimərlikləri zəbt edilib. Xəzərin sahilləri boyu uzanan 5-6 metr hündürlüyündəki hasarlar təkcə oliqarxların təmtəraqlı malikanələrini yox, dənizin özünü də gizlədir. Salyan şosesindən Bayıl ərazisinə kimi sərbəst sahil zonası qalmayıb».
Daha sonra müəllif Azərbaycana turist axını olacağı haqda rəsmilərin bəyanatına toxunur. Ardınca da soruşur: Dəniz sahilləri zəbt olunan ölkədə turistlər harada istirahət edəcəklər?
Məqalədə qeyd edilir ki, Azərbaycan kimi ölkələrdə adi adamlar dənizi hasarlaya bilməzlər. Müəllifin fikrincə, bu hasarlar korrupsiya, rüşvət hasarlarıdır.