-
Məsum Cəbarpur
***
qarğalar məni çağırır el gölündən
dişiliyimin istisində
şah gölünün hovuzu qaynayacaq
bütün erkəklər çaya çağrılır
hamıdan çay torbası dilənib
sonra pədləri göyə atıram
dişiliyimin qanından qarğa
yaranır...
İpəkdən ilk qara alt paltarım
ipək yoludur
doğu ilə batının arasında
kimin erkəkliyi
Marco Polo olacaq?
Bilmirəm kiməm!
İlmə salanların bıçağı
yoxsa
Xəyyamın saqqalın ağardan bir gilə üzüm
***
Nə deyirdim!?
sınıq-salxaq insanlar qəzələ sığmazmı?
Sərbəstsən şerimdə
sevərsən get
sevməzsən də get
ağciyərinin yerinə kirlətməsin kağızlarımı sıqaran
sevinərəm astma xəstəliyinə
ölmə! Ölümcül ol
darıxsa zaman
bəzək olursa qayğılarım pay olan şerimə
özgürlük radıyosu nüsrətdən səsləndirəcək məni
"sən dəniz qoynuna tullanmış çiçək
üstünə dalğalar atılacaqdır
saxta məhəbbətin, saxta sənəd tək
nə vaxtsa üstündə tutulacaqdır"
darıxınca dincəlmək
səni tam itirməkdir!
Sehirli bir silgəcdir arzum...
Bir acı qəhvə içməliyəm acılarımın sağlığına, dustaq sevgilim
falına çıxarsa iki əl
qorx....
Boğazını gəmirəcək o terrorist
sevirsən qaç
sevməzsən də qaç
hansı yatağı batırsan!
Sıqarını mən yandırıb
sən yaxılacaqsan...
***
Təbriz əsnəyir
soyuq yorğanına bürünüb
Qapıların çaxçaxası söykənir qapının çiyninə
Sürgün ürəklər günəşə çatmayınca
bir parkın sarı boyalı oturacağında
qanı donur
Ölüm şapalaq vurur göyərmiş canına
didərgin düşür
Yalnız qaranlıq görür içinə axan qanı
Tanrı gözəl oyun oynamır
Sən uzaqda, mən uzaqda
Tanrı duyğuları oyuncaq etdi
İndisə
yalqızcasına qaranlıq bir otaqda
bu gecə ay işığında
Təbrizdən küsür
Hovuzun donmuş suyu dalğalanan ay işığına həsrət çəkir
Sən getdin -
Arxanca su səpə bilmədim
Heç nə aydınlığa çıxmadı
Dondu gözlərim
Yetim qaldı torpaq
Qarğış yağdı vətənin hər yanından
Araz səssizcəsinə
qan qusurdu
Get
bardaq-bardaq qan ismarla tanımadığım qonaqlarına
Bilirsənmi?
bir zaman xəyallarımda gəlinin olurdum
sevgimdən Əsli ilə Kərəm utanırdı
Kərəm yanırdı
Od tuturdu sevginin dodaqları
Bıçaqlanırdı sevgi mahnılarının notaları
İndi isə
qələmim udqunur sevgindən yazmağa
üzü qızarır
Sevgi nağıllarında
Yazdım
Troya şəhəri sevgi olayından
Silindi monitorun xəritəsindən
İndi isə
Arazın dalğın dalğacıqları
Ləpələnirdi Atlantikə
Bağışla!
Bütün dənizlərə
Okeanlara
- Qurusunlar- deyin.
Vətən coşur
Sınan qəhərdə
Vətən gəlini olacağam
Gəlinliyim kəfən olsa da...