Savchenko-nun bacısı saxlanıb

Vira Savchenko

-

«Reuters» xəbər verir ki, Rusiya Ukrayna ilə sərhəddə pilot Nadia Savchenko-nun bacısını saxlayıb. O, Rusiyada həbsdə olan bacısına baş çəkib qayıdırmış.

«Reuters»in məlumatına görə, aprelin 28-də ukraynalı diplomat Vira Savchenko-ya kömək məqsədilə sərhədə gedib. Vira Savchenko sərhədi Ukraynanın diplomatik maşınında keçmək istəyərkən saxlanıb. Sərhədçilər onun axtarışda olduğunu deyiblər.

Rusiya ötən ilin noyabrında Savchenko-nun bacısına cinayət işi açıb, onun rusiyalı hakimə hörmətsizlik etdiyini səbəb gətirib.

Nadia Savchenko Rusiyada 22 illik cəzaya məhkum edilib. Hazırda onun Ukraynaya ekstradisiyası prosedurunun başlandığı bildirilir.