Atəşkəs Naxçıvanda pozuldu

İllüstrasiya

►Hərbi qulluqçunun yaralandığı bildirilir

Qoşunların təmas xəttində atəşkəs razılaşması olsa da Ermənistan silahlı birləşmələrinin dövlət sərhədində növbəti dəfə silahlardan istifadə etdiyi bildirilir.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.

Nəticədə hərbi qulluqçu Yusif Eldar oğlu Quluzadənin yüngül yaralandığı bildirilir. Nazirlik əsgərə lazımi tibbi yardım göstərildiyini, onun həyati təhlükəsinin olmadığını qeyd edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verənlərə görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanıb. Keçən bu 22 il ərzində yalnız az-az hallarda Naxçıvan Muxtar Respublikası tərəfdə atəşkəsin pozulduğu bildirilib.

Halbuki, Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ istiqamətindəki təmas xəttində hər gün atəşkəsin az da olsa pozulduğu qeyd edilib.
Aprelin 2-dən 5-nə qədər isə təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.