-
Prezidenti İlham Əliyev mayın 16-da Avstriyaya işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi John Kerry ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə J.Kerry ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə edib.
Bu səbəbdən də o, həmsədr dövlətlərin ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayıb. ABŞ dövlət katibi bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə də toxunub.
Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirib. O, deyib ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.
Prezident İlham Əliyev bu görüşün təşkilinə görə ABŞ dövlət katibinə təşəkkürünü bildirib. İ.Əliyev bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğulayıb.
Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilir ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.
Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.
1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.