-
Avropadan yayımlanan “Azərbaycan Saatı” proqramı həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl haqqında film hazırlayıb.
Bir saatlıq filmdə jurnalistlərin, politoloqların, insan haqları təşkilatlarının nümayəndələrinin çıxışlarına yer verilir. Yaradıcılar sosial şəbəkələrdə filmin anonsunu yayıblar.
Rus dilində təqdim edilən film “Korrupsiya ilə 40 illlik mübarizə” adlanır. Film Xədicə İsmayılın 40 yaşına həsr edilib və bütün süjet boyu onun həbsinin əsas səbəbləri qabardılır.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Bu şikayətə mayın 25-də baxılacağı gözlənilir.
Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə, hökumətdə korrupsiya, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə, cəzalandırıldığını bildirir.
"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu" elan edib.