-
“Ancaq sosial öhdəliklərin icrası tam təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri təxirə salınıb”
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi mayın 20-də “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və bu məsələyə dair hesabatı müzakirə edib.
Müzakirələr əsasən toplantıya qatılna maliyyə naziri Samir Şərifovun çıxışına köklənib
Nazir dünya bazarında qiymətlərin, iqtisadi artım templərinin aşağı düşməsinin bütün ölkələrin tədiyyə balansına təsir göstərdiyini qeyd edib. Onun bildirdiyinə görə, 2014-cü il ilə müqayisədə 2015-ci ildə qlobal iqtisadiyyat 0,3 faiz azalıb .
“Bütün bu hadisələr Azərbaycan iqtisadiyyatına da təsir edib. Ölkəyə xarici valyuta axınına, maliyyə-bank sisteminin dayanıqlığına təsir edib. Dövlət başçısının atdığı çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib”.
Nazir yada salıb ki, ötən il büdcədə neftin qiyməti 90 dollar götürülmüşdü. lakin “qara qızıl”ın orta qiyməti 53,6 dollara düşdüyündən büdcənin gəlirlərində azalma baş verib.
S. Şərifov deyib ki, hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib.
“Ancaq sosial öhdəliklərin icrası tam təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri təxirə salınıb. Bunun hesabına xərclərin qənaətinə nail olunub”
Parlament komissiyası qanun layihəsini və hesabatı qəbul edərək plenar iclasa göndərib. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon, xərcləri isə 21 milyard 100 min manta olmuşdu.
Bu ilin dövlət büdcəsi isə iki dəfə qəbul edilib. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14,5 milyard manat nəzərdə tutulmuşdusa, sonradan bu 16,5 mlrd manata qaldırıldı.
Xərclər isə 16,2 milyarddan 18,3 milyard manata yüksəldildi. Əvvəl neftin bir bareli 50 dollara götürülmüşdü, dəyişiklikdən sonra isə bu 25 dollara endirildi.
Hərçənd ondan sonra neftin qiymətində artım müşahidə edilir. Hazırda Azərbaycan neftinin bir bareli 50 dollar civarında satılır.