İlham Əliyev: «Yeni mərhələ başlayır»

İlham Əliyev

-

Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığın yeni mərhələdə olduğunu deyib.

Mayın 20-də prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib.

President. az saytının xəbərinə görə, ölkə başçısı Azərbaycandakı iqtisadi inkişafla bağlı BVF-nin verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirib.
Prezidentin fikrincə, Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyəti Azərbaycanla BVF arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcək.

Prezident həmçinin vurğulayıb ki, dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi gəlirlərin azalmasına səbəb olub.

“Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib” - deyən ölkə başçısı Azərbaycanla BVF arasında əməkdaşlığın bundan sonra uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Məhəmməd əl-Qorçinin isə manatın devalvasiyası və digər tədbirlərin milli istehsalın qorunması, qeyri-neft sektorunda istehsal olunan məhsulların ixrac edilməsinə töhfə verdiyini bildirib .

O, hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğuluyaraq, Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsinə, texniki yardımın göstərilməsinə hazır olduqlarını deyib.

Bir gün əvvəl isə Maliyyə naziri Samir Şərifov Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul etmişdi.

Rəsmi Bakı 7 il əvvəl Beynəlxalq Valyuta Fondu ilə münasibətləri dayandırmışdı - qurumun Azərbaycan paytaxtındakı ofisi bağlanmışdı. Həmin addım «tərəflər arasında maliyyə proqramlarının olmaması və xərcləri azaltmaq zərurəti» ilə əsaslandırılmışdı.

Artıq bir neçə aydır ki, durum dəyişməkdədir. Ekspertlərin fikrincə, neft pulları hesabına gəlirləri artan Azərbaycan hökuməti «qara qızıl» və milli manat dəyərsizləşəndən sonra BVF kreditlərinə ehtiyac duyduğunun siqnalını verməkdə idi.

3 ay əvvəl «The Financial Times» qəzeti yenidən BVF-yə üz tutan Azərbaycanın həmin qurum və Dünya Bankından (DB) 4 milyard dollarlıq təcili yardım paketi istədiyini yazmışdı.

Bunun əvəzində isə Azərbaycanın bəzi şərtlərlə üzləşdiyi bildirilirdi. O vaxt Azərbaycan rəsmiləri belə məlumatları təkzib edirdilər.

Azərbaycan BVF ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Əməkdaşlıq dönəmində həmin fonddan 363 milyon dollar kredit alıb. Bunun 248 milyon dolları güzəştli kredit olub. Bu kreditlər iqtisadi islahatlar aparılması öhdəliyi və müxtəlif proqramlar çərçivəsində ayrılıb. Sonuncu kredit 2005-ci ildə verilib. Azərbaycan o vaxtdan bəri maliyyə durumunun möhkəmliyini əsas gətirərək kredit götürməyib. Yalnız fondun texniki yardımı ilə razılaşıb.

Həmçinin baxın: Sərhəd Xidməti irimiqyaslı təlimlərə başladı