Zaqatalada quduzluq qeydə alınıb

Illwstrasiya

-

Zaqatalada insanda quduzluq qeydə alındığı bildirilir. Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Nazirliyin sözçüsü APA-ya deyib ki, rayon sakini P.T aprelin 1-də it dişləməsindən xəstəliyə yoluxub.

“Qadın it dişləməsindən sonra xəstəxanaya müraciət etməyib. Əslində isə hər hansı bir heyvan dişləyəndə insanlar 14 gün ərzində quduzluğa qarşı peyvənd olunmalıdırlar. Həmin qadın isə 52 gündən sonra özünü narahat hiss etdikdə xəstəxanaya müraciət edib. Artıq onda quduzluğun əlamətləri üzə çıxıb” - deyən L.Bayramova onun Zaqatala xəstəxanasında saxlandığını, Mingəçevir və Bakıdan həkimlərin cəlb olunduğunu bildirib.

Nazirliyin Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova isə deyib ki, P.T-nın əl barmağındakı yara yüngül olduğundan həkimə müraciət etməyib.

“Yara sağalıb, amma 2 aydan sonra onda quduzluğun əlamətləri baş verib. Əlamətlər sudan, işıqdan, havadan qorxma kimi hallarla başlayır. Qadın hospitallaşdırılsa da, xəstəlik ölümlə nəticələnir” - R. İsmayılova əlavə edib.

Quduzluq ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyro infeksiyasıdır. Vaxtında müalicə olunmazsa insanda ölümcül təhlükə doğurur.

Ət yeyən heyvanlar, özəlliklə də tülkü, çaqqal, canavar, it, pişik quduzluğun əsas rezervuarı hesab olunur.