Diasporlar problemlərdən danışırlar

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində iştirak edib.

-

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində «Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak» mövzusunda panel iclas keçirilib.

APA-nın xəbərinə görə, müzakirələrdə əsas diqqət azərbaycanlıların yaşadıqları ölkələrin ictimai siyasi həyatında zəif iştirakının səbəblərinə yönəldilib.

Deputat Musa Qasımlı Azərbaycan diaspor qurumlarının yaşadıqları ölkələrin dilində media təsis etməli olmalarına diqqət çəkib. Eyni zamanda onların həmin ölkələrin ictimai-siyasi həyatında fəal yer tutmalarını vacib sayıb.

Çıxış edən natiqlər diasporun uğurlu fəaliyyətindən ötrü dövlət və xalq dəstəyinin olmasının, mədəniyyət mərkəzlərinin qurulmasının önəmini qeyd ediblər.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov azərbaycanlıların Rusiyadakı tədbirlərdə fəal iştirak etmədiyini söyləyib: «Rusiyada özümüzə azərbaycanlı desək də, onsuz da onlar bizi türk kimi qəbul edir. Biz bunu nəzərə almalıyıq. Rusiyada da türk və Azərbaycan diasporu fəaliyyətini əlaqələndirməlidir. Digər tərəfdən, mədəniyyətimizi təbliğ etməliyik. Məsələn, Çuvaşiyada Nizami Gəncəvi adına küçə var, keçən il də Nizami Gəncəvi adına stadion açılıb. Diasporun uğurunun əsasında fəallıq və informasiya savaşında aktiv iştirak durmalıdır. Təəssüf ki, bu sahədə bizim problemlərimiz, çatışmazlıqlarımız var».

O, bu sahədə Azərbaycanın Rusiyadakı səfirliyinin passiv olduğunu qeyd edib: «Səfirliyə 2 ildir ki, məktub göndərmişik, hələ də xəbər yoxdur».

XARİCƏ GÖNDƏRİLMƏZDƏN ƏVVƏL... TƏLƏBƏLƏR TƏLİMATLANDIRILMALIDIR

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev isə həmin ölkənin müdafiə və təhlükəsizlik orqanlarında böyük vəzifələrdə azərbaycanlıların çalışdığını söyləyib.

Kipr və Azərbaycan Dostluq Dərnəyinin sədri Orxan Həsənoğlu isə deyib ki, xaricə tələbələr göndərilməzdən əvvəl həmin gənclərə həmin ölkələrdə Azərbaycanın necə təbliğ olunması barədə təlimlər keçilməlidir.

Daha sonra qurultayda «Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində» mövzusunda da panel iclası keçirilib.

Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün ABŞ-da lobbiçilik fəaliyyəti müəyyən qanunlar çərçivəsində həyata keçirilir: «Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, sosial şəbəkələrin imkanlarından istifadə etməklə ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik».

Dünya Azərbaycanlılarının IV Qurultayı iyunun 3-də başlayıb.