-
«Bu yaxınlarda Türkiyədə dini bayramların islam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı böyük bir toplantı keçirilib. Həmin tədbirdə bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və mərasimlər eyni gündə keçirilsin. Vahid təqvim tətbiq edilsin».
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, hazırda bu məsələnin üzərində iş gedir: «Burada əsasən aparıcı islam ölkələrinin atacağı addımlar önəmlidir. Tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun».
M.Qurbanlı deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi islam dünyasında vahid təqvim sisteminin tətbiq olunmasından ibarətdir: «Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, hələlik, müzakirə olunur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr keçirildikcə, Azərbaycan mövqeyini bildirəcək».
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda orucluq bu gün – iyunun 7-də başlayıb. Halbuki, Türkiyədə artıq dünəndən insanlar oruc tutmağa başlayıblar. Bu ziddiyyətlə bağlı QMİ sədri Allahşükür Paşazadə demişdi ki, Azərbaycan Ramazan təqvimi tutarkən Şamaxı Astrofizika Rəsədxanasının göstəricilərini əsas götürüb. Ancaq bəzi müstəqil ekspertlər düşünür ki, Azərbaycan bu məsələdə İran yolu ilə gedir.