-
Quba rayonunda torpaq sürüşməsinin baş verdiyi bildirilir.
Report-un xəbərinə görə, təbii fəlakət iyunun 7-də Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçayın sağ tərəfindəki yamacda qeydə alınıb.
Dağın yamac hissəsinin uçaraq Qudyalçaya töküldüyü qeyd edilir. Nəticədə böyük torpaq kütləsinin çayın qarşısını kəsdiyi bildirilir.
Ərazidə torpaq sürüşməsinin hələ də davam etdiyi, nəticədə böyük göl əmələ gəldiyi deyilir.
Xəbərə görə, bəzi turizm yerləri, iş adamı Elxan Muradova məxsus istirahət zonası da su altında qalıb.
Torpaq sürüşməsinin Qudyalçayın qarşısını tamamilə kəsmək üzrə olduğu bildirilir.
İyunun 6-sı və 7-də İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində də torpaq sürüşməsi baş vermişdi.
Ərazidə təhlükəli vəziyyətin yarandığı, fərdi yaşayış evlərinə ciddi ziyan dəydiyi deyilirdi.
İyunun 6-sı və 7-də kənddə 7 ailənin mənzillərdən təhlükəsiz əraziyə köçürüldüyü bildirilirdi.
Torpaq sürüşmələrinin artmasına aramsız yağışlar səbəb göstərilir.