Sürüşmə bütün ölkəyə yayılır

İllüstrasiya

-

“Masazır və Zığdakı sürüşmə sahələrində aktivlik müşahidə olunmaqdadır ”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Geoloq APA-ya bildirib ki, Masazır və Zığ sürüşmə sahələrindəki mövcud çatlar genişlənib.

“Badamdar, Bayıl, Qaraçuxur, Şəhidlər Xiyabanı, “Gülüstan” sarayı ətrafındakı sürüşmə sahələrində də daimi monitorinq işləri aparılır. Hazırda həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar qeydə alınmayıb ”, - deyə baş geoloq bildirib.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə isə havaların ifrat rütubətli keçməsinin ölkə ərazisində sürüşmə hadisələrini fəallaşdırdığını bildirib:

Şamaxı, Xızı, Şabran, Quba, İsmayıllı...

“İfrat rütubətlənmə həm aktiv, həm də potensial sürüşmə sahələrində gərginliyin artmasına səbəb olub. Bu, xüsusilə özünü Böyük Qafqazın cənub-şərq hissəsində, İsmayıllı, Şamaxı, Xızı, Şabran və qismən də Quba rayonlarında göstərib. Daha çox fəallıq Bakı, Şamaxı, İsmayıllı və Şamaxı-Ağsu yollarında müşahidə olunur. Bu günlərdə İsmayıllının Basqal və Sulut kəndləri arasında, həmçinin yolda fəal sürüşmə baş verdi. Nəticədə kənd yolu bağlanıb. Çox böyük ərazidə sürüşmə baş verib, digər ərazilərdə isə proseslər indi də fəallaşmaqdadır”.

Səbəb süxurlardakı ifrat rütubətlənmədir

Baş geoloq İsmayıllının Basqal, Sulut, Muğanlı kəndi ilə Ağsuçay dərəsi arasında olan bütün zonada ifrat fəallaşma müşahidə olunduğunu bildirib.

Onun deməsinə görə, sürüşmələr Gədəbəy, Daşkəsən, Lənkəran və Lerik rayonlarına doğru uzanmaqdadır. Yağıntıların intensivliyi bir müddət də davam edərsə, yaxın zamanlarda Yardımlı , Qusar və Goranboy rayonunda da sürüşmə gözləmək olar.

Baş geoloq sürüşmələri süxurların ifrat rütubətlənməsi ilə izah edib .

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi nəticəsində baş verən uçqundan 12 ailə evini tərk edib. Onlar çadırlara köçürülüb.