Xaricdə təhsil proqramı bitdi

©Shutterstock

-

Xarici ölkələrdə təhsil üzrə 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində son qəbul başa çatıb. Təhsil Nazirliyininməlumatına görə, dövlət proqramının sonuncu qəbul ilində 373 təqaüdçü seçilib.

Modern.az xəbər verir ki, son seçimdə üstünlük əsasən bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Onlardan 176-sı magistratura, 25-i doktorantura, 70-i rezidentura, 102 isə bakalavr səviyyələrində təhsil almaq hüququ qazanıb.

Nazirliyin bilgilərinə görə, 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.

Xaricə təhsilə gedənlər daha çox Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığını seçiblər. Onlar əsasən magistratura təhsil səviyyəsini seçənlərdir.

Azərbaycanlı tələbələr dövlət proqramı çərçivəsində Harvard Universitetində, Kembric Universitetində, Oksford Universitetində, London İmperial Kollecində və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıblar. Habelə, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və başqa ali təhsil müəssisələri də bura daxildir.

Xaricdə təhsil proqramının bu il müddəti uzadılmayıb. Bunu bir müddət öncə təhsil naziri Mikayıl Cabbarov açıqlamışdı.

Nazir sonradan proqramın yeni formatda hazırlanacağını demişdi.

“Yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD ( elmlər namizədi və ya elmlər doktoru) və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq ”, nazir bildirmişdi.

Ekspertlər xaricdə təhsil proqramının davam etdirilməməsin narahatlıqla qarşılamışdı. Bunu neftin qiymətinin düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması ilə izah edənlər də var. Ekspertlər həmçinin qeyd edirlər ki, neftin qiyməti yüksək olanda da Azərbaycanda Qazaxıstanla müqayisədə xaricdə təhsilə az pul ayrılırdı.