Dünya mediası ABŞ-ın Florida ştatındakı Orlandoda gey kluba 50 nəfərin ölümü ilə nəticələnmiş basqınla əlaqədar məyyən təfərrüatlardan yazır.
Bu məlumatlardan bəzilərində deyilir ki, “ABŞ tarixində ən pis qətliamın” ardınca özünü İslam Dövləti adlandıran təşkilat əfqan əsilli 29 yaşı ABŞ vətəndaşı Omar Mateen-in hücumunu alqışlayıb.
Bir sıra başqa mənbələr bunu İŞİD silahlı qrupunun aksiya üçün məsuliyyəti öz üzərinə götürməsi kimi qiymətləndiriblər.
Prezident Barack Obama Ağ Evdən etdiyi çıxışda deyib ki, təhqiqat erkən mərhələsində olsa da, hadisənin “terror və nifrət aktı” olduğunu söyləməyə əsas var.
“Bir amerikalı kimi biz kədər də, hiddətdə də, xalqımızı qorumaq əzmində də birlikdəyik” – deyib prezident.
Daha təfərrüatlı bəzi xəbərlərə görə isə Mateen basqını törətməzdən əvvəl 911 təcili xidmətinə zəng edərək özünün İŞİD qrupuna sədaqətini bildirib.
Yaraqlıların nəzarətində olan Amaq agentliyinin saytında yayılan bəyanatda bildirir ki, Orlandoda LGBT gecə klubuna 100 nəfəri öldürmüş və yaralamış hücumu “təşkilatın döyüşçüsü” icra edib.
“Time” yazır ki, sözügedən mesaj anonimdir.
NBC News və New York Times Omar Mateen-in hücumdan əvvəl 911 xidmətinə zəng edərək İŞİD qrupuna sədaqət andı içdiyi barədə xəbərlər yayıb.
İraq və Suriyanın ərazilərinin bir qismini zəbt edərək özünü İslam Dövləti elan etmiş bu yaraqlı qrup olduqca qəddar qətlləri, zorakı şəriət qaydaları tətbiqi ilə tez-tez özünü gündəmdə saxlamağa çalışır.
“Sədaqət andı”
“The İndependent” yazır ki, “bu cür sədaqət andları” son vaxtlar şablona çevrilib və çox vaxt aksiyanı törədənlərin İŞİD dəstəsinin üzvü yox, rəğbətlisi olduğuna işarə edir.
Digər tərəfdən son həftələrdə, ələxüsus da yaraqlıların Suriya və İraqdakı ciddi məğlubiyyətlərindən sonra təşkilat “Qərbdəki rəqbətlilərini müstəqil aksiyalar törətməyə” çağırırdı.
“Time” yazır ki, Pulse gecə klubuna hücumdan üç gün əvvəl İŞİD qrupunun təmsilçiləri belə basqınları müqəddəs Ramazan ayında törətməyə çağırmışdılar.
Ötən mayın 22-də özünü İŞİD qrupunun sözçüsü adlandıran Abu Muhammad al-Adnani audio mesajda “məxsusi olaraq xilafətin Avropada və Amerikadakı rəğbətlilərinə” müraciət etmişdi.
Al-Adnani “tənha canavar” tipli basqınlara çağırırdı.
“Time” bunu da xəbər verir ki, Omar Mateen-in atası NBC-yə müsahibəsində oğlunun “iki kişinin öpüşməsindən çox qəzəbli olduğunu və bu hücumun dinlə heç bir əlaqəsinin olmamasını söyləyib”.
“The Daily Mail” də yazır ki, Tvitterdə yaraqlılara rəğbəti olanların bu basqını kütləvi təqdir etməsinə baxmayaraq, yaraqlıların rəsmi məsuliyyət bəyanatı olmayıb.
Xəbər verilir ki, Pulse Orlando barına gələndə hücum edənin üstündə avtomat və tapançadan başqa partladıcı qurğu da olub. (Mətnin ardı aşağıda)
Sizin brauzer HTML5-i dəstəkləmir
Hücum edən şəxs SWAT qüvvələri ilə üç saatlıq qarşıdurmadan sonra öldürülüb.
Son məlumata görə, basqın zamanı 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İtkilərin artma ehtimalı var.
İlkin məlumatlarda bir neçə nəfərin girov götürüldüyü deyilirdi. Kluba onlarla təcili yardım maşını gəlib.
Hüquq-mühafizə orqanları şəhər sakinlərinə hadisə yerindən uzaq olmağı məsləhət görüblər.
Bu ABŞ tarixində ən çox itki verən silahlı basqın sayılır. Bu hadisəyə qədər 2007-ci ildə Vircinyada Texniki Universitetdə 32 nəfərin ölümünə səbəb olan basqın ən çox itki verən silahlı basqın hesab olunurdu.
Bu hadisə həftəsonu Orlandada baş verən ikinci hadisədir. Bir gün öncə də müğənni Christina Grimmie Orlandadakı konsertindən sonra pərəstişkarlarına avtoqraf verərkən açılan atəşdən ölüb. Polis bununla bağlı demişdi ki, qatil Orlandaya mügənnini öldürməyə gəlib...