«Əhalinin artım göstəricisinə görə, Azərbaycan Avropada ilk yeri tutur. Azərbaycanda doğulanların sayı ölənlərin sayından 3 dəfədən çoxdur».
AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda səfərdə olan Nobel Sülh Mükafatı laureatı professor Muhamməd Yunus ilə görüşündə deyib.
Məhəmməd Yunus isə qeyd edib ki, sosial biznesi ümumi inkişafda əsas şərtlərdən biridir. O, bu istiqamətdə Azərbaycanda aparılan işlərə həmişə dəstək verməyə hazır olduğunu bildirib.
Nobel Sülh Mükafatı laureatı Muhammad Yunus iyunun 18-də Bakıya gəlib. Həmin gün prezidentin qəbulunda olan Məhəmməd Yunusun səfəri iyunun 21-nə kimi davam etməlidir.
2006-cı ildə M. Yunus və rəhbəri olduğu «Grameen Bank»ı Nobel Sülh Mükafatına layiq görülüb. Bu bank kasıblara minikreditlər verməklə tanınıb. O, «kasıbların bankiri» adlandırılır.
Professor «Wharton» Biznes Məktəbinin «Son 25 ilin ən nüfuzlu biznes adamları» siyahısında 25-ci yerdədir. O, ABŞ prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.