Körpələrin ölüm səbəbi 2 həftəyə bilinəcək

Doğum evi

-

«Salyandan gətirilərək hazırda Bakıda müayinə altında olan körpənin durumu ağır-sabit olaraq qalır».

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova bunu AzadlıqRadiosuna bildirib.

Onun deməsinə görə, xəstəxanaya daxil olduqdan bu yana körpənin səhhətində hər hansı ağırlaşma olmayıb. Digər iki körpənin taleyinə gəlincə, S.Əhmədova bunları bildirib: «Hər iki uşağın ölüm səbəbləri məhkəmə-tibb ekspertizası tərəfindən araşdırılır, nəticələr iki həftəyə qədər məlum olar».

Amma Səhiyyə Nazirliyinin sözçüsü hər iki körpənin ölümünə elektrik enerjisinin kəsilməsinin səbəb olması haqda deyilənləri yenə təkzib edib: «Bu uşaqlar gecə saat 12-yə işləmiş anadan olublar, elektrik kəsilməsi ondan iki saat sonra baş verib. Həm də uşaqların ölümünə səbəb çəki azlığı olub».

İyunun 20-si axşam Mirzabitə Abdullayeva Salyan rayon Xəstəxanasında üçəm övlad dünyaya gətirib. Onlardan ikisi ölüb, birinin isə vəziyyəti ağırdır və müalicə məqsədilə Bakıya gətirilib. Valideynlər xəstəxanada elektrik enerjisinin kəsildiyini, aparata qoşulmuş körpələrin boğularaq öldüklərini deyirlər. Valideynlərin bildirməsinə görə, xəstəxanada generator isə xarab olduğundan qoşulmayıb.