F.Qəhrəmanlı 1 ay da həbsdə qalacaq

Fuad Qəhrəmanlı

-

Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlının həbs müddətini artırıb.

Bu haqda Azadlıq Radiosu-na siyasətçinin vəkili Fəxrəddin Mehdiyev bilgi verib.

Vəkilin deməsinə görə, məhkəmənin hakimi Elman İsayev istintaq qurumunun həbs-qətimkan tədbirinin müddətinin artırılması barədə təqdimatına baxıb.

Müdafiə tərəfinin arqumentlərini əsassız, təqdimatı əsaslı sayan məhkəmə siyasətçinin daha 1 ay həbsdə qalmasına qərar verib.

Fuad Qəhrəmanlı «facebook» səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilən siyasətçiyə həmin statuslara görə, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Siyasətçinin həbs müddəti sonuncu dəfə mayın əvvəlində artırılmışdı.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Ötən il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Həmin hadisələrdə 7 nəfər həlak olub.