►Manatın məzənnəsi “Brexit”ə bağlı deyil - Mərkəzi Bank
“ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit" ilə bağlı gedən dəyişikliklərdən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır ”.
Azərbaycan Mərkəzi Bankından Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının manatın məzənnəsinə təsirini şərh edərkən belə deyiblər.
APA-nın xəbərinə görə, bankdan bildiriblər ki, xarici valyuta bazarına təsir göstərən əsas amillər ölkəyə daxil olan, çıxan xarici valyutanın həcmi, büdcə ehtiyaclarından ötrü neft transferləri və dedollarizasiya istiqamətində görülən tədbirlərdir.
“Bankın valyuta ehtiyatları diversifikasiya strategiyasına uyğun olaraq ABŞ dolları, avro, funt sterlinq olmaqla likvid maliyyə alətlərində saxlanılır. Bu baxımdan, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti (85 faizdən çox) ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb ”, deyə Mərkəzi Bankdan bildiriblər.
“Mən pas,...”
Ancaq bu mövqeyi müstəqil iqtisadçılar tənqidlər qarşılayıblar. İqtisadçılardan Natiq Cəfərli öz facebook səhifəsində yazır:
“Bu gün, bir saat öncə bir çox banklarda 1,5945 məzənnəsi ilə dollar satışı gördüm. Mərkəzi Bank isə sabaha rəsmi məzənnəni dəyişmədən 1,5332 elan etdi. Mən pas,... Bir daha Elman müəllimdə məntiq axtarmayacağam. Dünya silkələnir, ətraf ölkələrin valyutaları ucuzlaşır, dünyada dollar bahalaşır, neft 6 faiz ucuzlaşır – manatın məzənnəsi dəyişmir...”
Ötən gün keçirilən referendumda britaniyalıların 51,9 faizi ölkələrinin Avropa Birliyinin tərkibindən çıxmasına səs verib.Səsvermənin nəticələri açıqlandıqdan sonra dünya maliyyə bazarlarında əksər valyutalar dollara nisbətdə dəyər itirməyə başlayıb.
Bu gün Bakıda da dolların bahalaşması müşahidə olunub. Rəsmi məzənnə 1.53 manat olsa da, bazarda 1 dolların 1.59 manata bərabər olduğu bildirilir.