Prezident Sarkisian-la görüşündən danışdı

İlham Əliyev

-

«Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək».

Prezident İlham Əliyev bunu Bakının Xətai rayonunda yeni mənzillər verilən hərbçilərlə görüşündə deyib.

President.az saytı xəbər verir ki, İ.Əliyev münaqişənin mərhələli şəkildə həll edilməli olduğunu vurğulayıb.

«Vyana görüşündə Ermənistanın şərtləri qəbul edilmədi. Sankt-Peterburq görüşünün müsbət nəticələri var», - deyən ölkə başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir.

Prezident bununla belə, diplomatik və siyasi səylərin davam etdiriləcəyini söyləyib.

O, həmçinin, hərbçilərin təminatına da toxunub. Prezident ordu quruculuğuna bundan sonra da xüsusi diqqət yetiriləcəyini deyib: «İndiyədək 900-dək hərbi qulluqçu mənzillə təmin edilib. Azərbaycan ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir. Ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Hərbi xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə, hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycanda yaradılan hərbi-sənaye kompleksi də müasir səviyyədədir».

İlham Əliyev orduda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun yüksək olduğunu qeyd edib. «Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi», - deyə o bildirib.

Qarabağ cəbhəsində bu il aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

İyunun 20-də isə Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü olub.