Elif Şafak: İnsan eyni zamanda həm müsəlman, həm də demokrat ola bilər

Türk yazıçısı Elif Şafak.

-

Elif Şafakın az qala hər kitabı həm Türkiyədə, həm də Türkiyədən kənarda bestsellerə çevrilir. O dünya mediyasına ən çox danışan Türk yazıçılarından biridir. Bu yaxınlar onun yeni kitabı "Həvvanın üç qızı" çıxıb. Kitabının almancasının təqdimatı üçün Frankfurt kitab yarmarkasına gələn yazıçı alman mediyasına Türkiyədənin indiki durumu, Avropa son illər baş alan populizm və millətçilik halları ilə bağlı da danışıb.

- 2008-ci ildə Türkiyə Frankfurt Kitab Sərgisinin fəxri qonağı olanda siz nümayəndə heyətinin ulduzu idiniz. İndi siz yenə də yüksək səviyyəli fəxri iştirakçılardan birisiniz. Sərginin ab-havasında fərq hiss eləyirsinizmi?

- Bəli, hiss eləyirəm. Həqiqətən, hiss eləyirəm. O mənada ki, 2008-ci ildə Türkiyədə demokratiyanın taleyinə münasibət daha nikbin idi, baxmayaraq ki, o vaxt da ciddi problemlər vardı. Düşünürəm ki, biz geriyə addımlamağa başlamışıq, əvvəlcə yavaş-yavaş, sonra sürətlə. Bu gün türk yazıçıları, şairləri, jurnalistləri, intellektualları mənəvi cəhətdən çox məyus olublar. Vəziyyət çox sürətlə dəyişdi, özü də pisliyə doğru.

Türkiyə cəmiyyəti - kollektiv amneziya yaşayan cəmiyyətdir. Yaddaş – məsuliyyət deməkdir.

Alman-türk münasibətlərində böyük fərq var. İxtilafların əsas məqamlarından biri odur ki, alman parlamenti erməni soyqırımını öz adı ilə adlandırmaq qərarına gəldi. Türk hökuməti buna ciddi etirazını bildirdi. Alman parlamenti haqlıydımı? Mən uzun illər boyu yazdıqlarım vasitəsilə son dərəcə önəmli olan bu mövzuya münasibətimi bildirmişəm. Müsahibələr vermişəm, məqalələr yazmışam, açıq-aşkar danışmışam və “İstanbul bici” adlı roman yazmışam. Yeri gəlmişkən, bu əsərə görə məhkəməyə verilmişəm. Çünki “soyqırım” sözünü işlətdiyimə və romanda sərgilədiyim tənqidi münasibətə görə məni türkləri təhqir eləməkdə günahlandırırdılar. Məhkəmə mənə bəraət verdi, ancaq iki il mühafizəçilərin müşayiəti ilə gəzməli oldum. Mənim münasibətim hər zaman konstruktivdir. Mən istəyirəm ki, ermənilərlə türklər arasında sülh və harmoniya olsun. İstəyirəm ki, gələcək keçmişdən daha yaxşı olsun. Düşünürəm ki, bu məsələdə türk intellektuallarının üzərinə daha çox məsuliyyət düşür. Türkiyə cəmiyyəti - kollektiv amneziya yaşayan cəmiyyətdir. Yaddaş – məsuliyyət deməkdir. Biz keçmişin həm şərindən, həm də xeyrindən danışmalıyıq. Daha çox yas tutmaq, ya da intiqam almaq üçün yox, xalqların dərdini humanist yolla paylaşmaq üçün. Əgər biz türklər xatırlamağı bacarsaq, ermənilər də bir az unuda biləcəklər.

Buna da bax: Frankfurt kitab yarmarkasının builki ulduzları kimlərdir...

- Niyə 15 il əvvəl əsərlərinizi ingilis dilində yazmağa başladınız?

- Mənim üçün ingilis dili sonradan qazanılmış dildi. Onu 10 yaşımda öyrənməyə başlamışam. Həmin vaxt o, artıq üçüncü dilim idi.

- Siz Srtasburqda doğulmusunuz…

- Bəli, sonra Türkiyəyə nənəmin yanına köçdüm, məni o böyüdüb. 10 yaşım olanda anamla birlikdə İspaniyaya getdik. İngilis dilindən əvvəl ispan dilini öyrənmişəm. Amma ingilis dili mənimlə qalıb. Mən həmişə ağlımda da, qəlbimdə də dillər arasında “gedib-gəlmişəm”. Mən dil səyyahıyam. Başqa dildə yazmaq mənə daha çox azadlıq verir, düşüncə tərzimi genişləndirir. Bu- meydan oxumaqdı, amma mən meydan oxumağı sevirəm. Bütün bu illər ərzində anlamışam ki, ironik, satirik, yumoristik nəsə yazmaq istəyəndə bunu ingiliscə etməyə üstünlük vermək lazımdır. Əgər kədər, melanxoliya, həsrət haqqında yazıramsa, türk dilini seçirəm. Mənim üçün hər dilin öz gücü var və həm türk, həm də ingilis dilinə qarşı bağılılıq, əlaqə hiss eləyirəm. Mən bir neçə dildə xəyal qururam.

- Sonuncu romanınızın adı ingiliscə "Three Daughters of Eve" ("Həvvanın üç qızı") gedir. Almanca adı tamamilə fərqlidir - "Der Geruch des Paradieses" (“Cənnət qoxusu”). Bu adları özünüz seçirsiniz?

Elif Şafakın yeni kitabı "Həvvanın üç qızı"

- Əsərin adını alman naşirimlə birlikdə seçmişik. Alman nəşrinin adını sevirəm, çünki çox poetikdir. Kitabların adları, ya da üz qabıqları ölkədən ölkəyə keçdikcə dəyişə bilər. Mən belə məsələlərə həmişə çox rahat yanaşıram. Əsərin adı ingiliscə və türkcə “Həvvanın üç qızı” gedir, çünki o, üç qız haqqındadır. Mən onları Günahkar, İnanclı və Çaşqın adlandırmışam.

- Roman, Qərbin demokratik ideyaları ilə Şərqin islam mədəniyyəti arasında poetik diskussiyaya bənzəyir. Siz hələ də ümid eləyirsiz ki, onlar Türkiyədə birlikdə və sülh şəratində mövcud ola bilərlər?

Türkiyədə biz geri gedirik. Və bu son dərəcə utancvericidi, çünki ölkəmizdə baş verənlərin nəticələri ölkədən kənarda əks-səda verir. Bax, buna görə mən məyusam.

- Düşünürəm ki, insan eyni zamanda həm müsəlman, həm də demokrat ola bilər. Bu - çox gözəl mümkündü. Necə ki, həm xristiyan, ya da yəhudi olub həm demokrat olmaq mümkündür. Həmçinin müsəlmanların çoxluq təşkil etdiyi ölkə də pluralist demokratiyanı və liberal demokratik dəyərləri qəbul edə bilər. Ancaq bu, əmək tələb edir. Bunun üçün liberal demokratik dəyərlər uğrunda səmimi mübarizə aparmaq lazımdır. Türkiyədə isə biz bunu etmirik. Əksinə- biz geri gedirik. Və bu son dərəcə utancvericidi, çünki Türkiyədə baş verənlərin nəticələri ölkədən kənarda əks-səda verir. Bax, buna görə mən məyusam, amma, həqiqətən, ümid eləyirəm ki, müsəlmanların dominant olduğu ölkələr də öz demokratiyalarını yaxşılaşdıra bilərlər və fərqli dinlərdən olan insanlar birlikdə əmin-aman yaşaya bilərlər. Bu mümkündür!

Buna da bax: Elif Şafak: Daxilimdə həm bir qadın, həm də bir kişi var

- Sizin romanlarınız Türkiyədə ən çox satılan kitabların siyahısında ilk yerlərdədir. Onları kim oxuyur?

- Mənim oxucularım çox rəngarəngdirlər. Həmişə belə olub. Türkiyədə on beş kitabım nəşr olunub. Hər kitabla oxucularımın dairəsi daha da genişlənib və daha da rəngarəngləşib. Bu maraqlıdır, çünki Türkiyə həddindən artıq qütbləşmiş ölkədir. İnsanlar çox şeyi paylaşmırlar. İncəsənət və ədəbiyyat isə vacib körpüdür. Fərqli mənşəli çoxlu qadın var ki, mənim kitablarımı oxuyurlar: türklər, kürdlər, ermənilər, yəhudilər, ələvi qadınları. Mədəni və ideoloji baxımdan onlar bir-birindən çox fərqlənirlər. Aralarında feminisitlər, liberallar, solçular var. Eyni zamanda çoxlu konservativ, hicablı oxucularım da var. Və bir-biri ilə danışmayan insanların eyni kitabı oxumaları mənim üçün böyük əhəmiyyət kəsb edir.

Türkiyə həddindən artıq qütbləşmiş və mənfi anlamda siyasiləşmiş ölkədir.

- Cəmi bir neçə il əvvəl Türkiyənin gələcəyinə böyük ümidlər vardı. İndi isə orda fövqəladə vəziyyətin müddəti uzadılıb. Bu, bir yazıçı üçün nə deməkdir?

Elif Şafak

- Artıq bizim demokratiyamız uzun müddət üçün məhdudlaşdırılıb və yazçılıar bu barədə çox yazıblar. Biz türkiyəli demokratlar özlərini çox tənha, hərdən də atılmış hiss eləyirik. Türkiyə həddindən artıq qütbləşmiş və mənfi anlamda siyasiləşmiş ölkədir. Yayda baş verən çevriliş cəhdi son dərəcə yanlış addım idi. İndi bizdə təmizləmə işləri aparılır və çevriliş cəhdinə heç bir aidiyyatı olmayan insanlar çevrilişin təşəbbüskarları ilə əlbir olmaqda ittiham edilirlər. Xüsusilə, jurnalistlərə, yazıçılara və intellektual insanlara qarşı sərt tədbirlər görülür. Mənim yazıçı dostlarım var ki, hazırda həbsdədirlər.

- Cəmi bir neçə il əvvəl Türkiyəyə, Avropa ilə Orta Şərq arasında körpü yarada biləcək bir örnək kimi baxılırdı. Artıq bu, tamamilə dəyişib. Türkiyə ilə Avropa üçün hələ də ümid varmı?

- Bu, son dərəcə vacib məsələdir. İllər əvvəl, təxminən, 2005-ci ildə qızıl çağ idi. Bizə elə gəlirdi ki, Türkiyənin Avropa Birliyinə üzv olması mümkündü, artıq az qalıb. Türkiyənin daxilində ölkənin AB-yə üzv olmasını dəstəkləyənlər 82% idi. Möhtəşəm zaman idi – qəzetlər, entuziazm.. Ancaq alınmadı. Mən Türkiyə hökumətini AB-nin kriteriyalarını yerinə yetirməkdən imtina elədiyinə görə qınayıram. Amma eyni zamanda Türkiyəni kənara itələyən avropalı populist siyasətçiləri də qınayıram. Xüsusilə də, Fransada belə elədilər. Yaxşı, 2005-ci ildən bu yana nə baş verdi? Türkiyə get-gedə daha təcrid olunmuş, daha qapalı və daha avtoritar oldu. Bunun Avropaya xeyri oldumu? Yox. Bunun türkiyəli demokratlara xeyri oldumu? Yox. Bunun bölgəyə xeyri oldumu? Yox. Odur ki, Türkiyə Avropanın liberal, pluralist demokratik dəyərlərinə yaxın buraxılsaydı, daha yaxşı olardı. Türkiyənin AB ilə dialoqu dəstəklənməli idi, onu ruhlandırmaq lazım idi. Biz hökuməti tənqid edə, eyni zamanda xalqı dəstəkləyə bilərik. Bİlirəm ki, hazırda AB-yə üzv olmaqdan danışmaq o qədər də real deyil, ancaq biz ümidimizi itirməməliyik. Əks halda türk millətçiləri-təcridçiləri gənc türklərə deyəcəklər ki, “baxın, biz Avropanın vecinə deyilik, gəlin, üzümüzü Rusiya, Pakistan, ya da Səudiyyə Ərəbistanına çevirək”.

Buna da bax: Müxalifət lideri Erdoğan-ı 'demokratiya əleyhinə çevriliş'də suçlayır

- Etiraf eləməliyəm ki, Almaniyada, Macarıstanda və Polşada güclü populist tendensiyalar yaranıb. Öz populist liderlərini dəstəkləyən, onların ardınca gedən insanları başa düşürsünüz?

- Yazıçı kimi bizim əsas işimizdən biri empatiya qurmağı bacarmaqdır. Mən, məsələn, orta təbəqədən olan sadə, xeyirxah Amerika, Almaniya, ya da Polşa vətəndaşının niyə radikal sağçılara səs verdiyini anlamağa çalışmalıyam. Bunu anlamalıyam. Əgər anlamasaq, həmin insanları itirə bilərik. Biz onlarla söhbətlərdə iştirak eləməliyik. Əksər insanlar gələcəklə bağlı bədbin düşünürlər. Bəzi insanlar qorxurlar – mühacirlərdən, islamdan, “yadlardan”. Bunu başa düşmək olar. Əsl təhlükə qorxunun siyasəti idarə eləməyidir. Tarix bu cür nümunələrlə doludur. Odur ki, gəlin, qorxunu başa düşək, ancaq dominantlıq eləməsinə imkan verməyək. Bunun üçünsə biz daha yaxşı, daha humanist əhvalatlar yazmalıyıq. Onlar insanlara deməlidirlər ki, insanın qayğılarının, narahatlıqlarının olması normaldır. Gəlin, öz qayğılarımızdan danışaq, ancaq ən yaxşı həll yolunu tapaq. Mənim üçün müxtəliflik çox vacibdir, kosmopolitizm çox vacibdir. Populizmin, ksenofobiyanın, tribalizmin artması məni narahat eləyir. Həmçinin yeni yaranmış qeyri-liberal demokratlar tendensiyası da məni narahat eləyir. Türkiyə də bu yeni tendensiyanın bir parçası olub. Onlar – mahiyyət etibarilə daha avtoritar olan demokratik dövlətlərdir. Macarıstan, Polşa, Türkiyə - ölkələr bir birinin ardınca bu yolu seçirlər. Biz qeyri-liberal demokratlardan və onların necə təhlükəli olduqlarından danışmalıyıq.