Erkən doğulan hər 10 uşaqdan yalnız 1-i sağlam qalır.
Bunu APA-ya Səhiyyə Nazirliyi Doğuşa Yardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.
«Erkən doğulan uşaqların çox cüzi faizi sonradan heç bir xəstəliyi olmadan normal insan kimi formalaşır. Belə hər 10 uşağın 6-sı, 7-si sonradan ölür. Qalan 3 uşağın 1-2-si isə xəstə olur. Deməli, hər 10 uşaqdan yalnız 1-i sağlam böyüyür. Hər 10 uşağın 7-si ölür, 2-si yaşasa da, əlil qalır»,-deyə komissiya sədri qeyd edib.
S.Məmmədovanın bildirməsinə görə, erkən doğuş ümumi statistikada 1 faiz təşkil edir: «Hər il Azərbaycanda 170-180 min doğuş baş verirsə, vaxtından əvvəl doğulan uşaqların sayı 1700-ə yaxındır. Bunlar respublikanın müxtəlif şəhərləri və regionlarında qeydə alınıb. Artıq 2016-cı ilin sonunda hesablamalar yekunlaşanda, ötən illə müqayisə etmək üçün rəqəmlər müəyyən olacaq».