Xarici diplomların 25-30 faizi tanınmayıb

Tələbə

«Xarici ölkələrin ali məktəblərinin verdiyi diplomların arasında da saxta olanları var. Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxırıq».

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev deyib.

Rəis əvəzinin bildirməsinə görə, diplomların tanınmaması onun saxta olduğu anlamına gəlmir: «Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Buna həm vəsait, həm də zaman sərf olunur. Diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, sonradan tanınsın».

S.Vəliyev əlavə edib ki, 2007-ci ildən bu günə qədər nazirliyə xarici ölkə ali məktəblərindən verilən diplomların tanınması ilə bağlı 25 mindən çox müraciətlər olub. Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb: «Tanınmamağın əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəblərinin verdiyi diplomlar çoxluq təşkil edir».