Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun (İbişbəyli) işi üzrə proses davam edib.
Jurnalistin işinə hakim Eldar Mikayılov baxır.
Prosesdə F.Fərəməzoğlu məhkəmə tərkibinə etiraz etmədiyini bildirib. Onun vəkilləri isə sübutların götürülməsi zamanı prosessual pozuntulara yol verildiyini bildiriblər.
Vəkil Cavad Cavadlı və Elçin Sadıqov işdə maddi sübutların götürülməsi haqqında protokoldakı imzaların F.Fərəməzoğluna məxsus olmadığını, saxtalaşdırıldığını deyiblər. Vəkillər həmin imzaların ekspertizadan keçirilməsindən ötrü vəsatət veriblər.
Məhkəmə vəsatəti hazırkı mərhələdə rədd edib.
Proses dekabrın 15-də davam edəcək.
Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3 min manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər. F.Fərəməzoğlu ittihamları qəbul etmir.