«Hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək».
Bunu APA agentliyinə müsahibəsində «MTN işi» adlandırılan məhkəmə prosesində ciddi faktların üzə çıxması ilə bağlı sualı cavablandırarkən, parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O,«parlamentdə bu sahə ilə məşğul olan şəxs kimi həmin vaxt baş verənlərlə bağlı məlumat alırdınızmı» sualına «xeyr» cavabını verib.
Komitə sədri «sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı» sualına isə belə cavab verib: «Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq».
Ötən il oktyabrın 15-i milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bundan sonra həm bu və həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir çox yüksəkçinli məmurları həbs edilib. Onlar dövlət əmlakının mənimsənilməsi və başqa bir sıra ağır cinayətlərdə ittiham edilirlər.
Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.