Keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Qiyas İbrahimovun vəkili Elçin Sadıqov Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Qiyas İbrahimovla bağlı ilkin baxış iclasının qərarından verilib.
Buna da bax: 2016: İl boyu cəzasız qalan işgəncələr [araşdırma]
Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası isə bu şikayətə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar veriblər. Müdafiəçi Ali Məhkəməyə bu qərardan şikayət edib.
Dekabrın 29-da Bakı Apelyasiya Məhkəməsində proses iştirakçılarına bu haqda məlumat verilib. Eyni zamanda, bildirilib ki, Ali Məhkəmə bu şikayətlə bağlı müvafiq qərar verənə qədər Bakı Apelyasiya Məhkəməsində bu işə baxılması ertələnir.
Buna da bax: Belçikada həbsdəki gənclərə dəstək
“MƏHKƏMƏ HÖKMÜ QÜVVƏDƏ SAXLAMAQ NİYYƏTİ GÜDÜR”
Vəkil Elçin Sadıqov AzadlıqRadiosu-na açıqlamasında bildirib ki, Qiyas İbrahimov haqda hökmdən verilmiş apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasında israrlıdır: “Apelyasiya məhkəməsində ötən iki iclasda qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı. Açıq-aşkar görünür ki, məhkəmə heç bir halı araşdırmadan hökmü qüvvədə saxlamaq niyyəti güdür. Ona görə də biz ilkin qərardan Ali Məhkəməyə şikayət etdik. Tələbimiz də budur ki, Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarı ləğv olunsun”.
Buna da bax: 'Ana, mən artıq yolkamı qurmaq istəyirəm...'
Qiyas İbrahimov ötən il mayın 10-da həbs olunub. O, CM-in 234.4.3-cü (satış məqsədilə narkotik saxlama, daşıma) maddəsilə suçlu bilinərək, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbs cəzası alıb.
Qiyas İbrahimov ittihamı qəbul etmir və heykələ şüar yazdığına görə narkotiklə şərləndiyini bildirir.
"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimovu "vicdan məhbusu" elan edib.