Generalların qudalığı “La Parfumery”nin sahibini xilas etdi

Keçmiş MTN

Bakıdakı “La Parfumery” mağazalar şəbəkəsinin rəhbəri də keçmiş MTN-çilərin hədəfində olub. Amma MTN generallarından birinin qudası ilə tanışlığı onu xilas edib. Generalların işi üzrə istintaqda bu məsələ də araşdırılıb və “La Parfumery”nin sahibi Arif Vəliyev zərərçəkmiş kimi tanınıb.

Arif Vəliyevin Ərəstun Nəsibov adlı şəriki var. Xaricdən kosmetika məhsullarının gətirilməsi və Bakıda satışı ilə məşğul olub. Metronun “28 May” stansiyasının yaxınlığındakı parfümeriya mağazalarından bir neçəsi ona məxsusdu. Eyni zamanda, gətirdiyi məhsulları həm də A. Vəliyevin mağazalarında satdırır.

Cinayət işinin materiallarına görə, 2015-ci il martın 5-də Ərəstun Nəsibovu maşınla getdiyi yerdə qarşısını kəsib, MTN-ə aparıblar.

“MƏNİ NİYƏ MTN-Ə APARIRSIZ?"

“Qaynım, oğlum və qaynımın oğlu ilə səhər saat 10:30 radələrində gedirdik. Metronun «Koroğlu» stansiyasının yaxınlığında qara rəngli «Audi Q7» və qara «Tofaş» markalı avtomobillər qarşımızı kəsdi. Bir nəfər düşüb yaxınlaşıb özünü MTN-nin Natiq adlı əməkdaşı kimi təqdim etdi və məni öz adımla çağırıb onun sürdüyü maşıma oturmağı tələb elədi. Yolda soyadının Alıyev olduğunu dedi. Ondan soruşdum ki, məni niyə MTN-ə aparırsız? Dedi ki, sahibkarlardan pul yığılır, ətraflı nazirlikdə başa salacaqlar, məbləği də rəisi Fizuli Əliyev özü deyəcək. Yolda gedəndə Natiq Alıyev tələb elədi ki, “şərikin Arif Vəliyevə zəng elə, o da MTN-ə gəlsin”. Mən də zəng elədim”, – Ərəstun Nəsibov ifadəsində danışıb.

Dediyinə görə, ondan MTN-də Natiq Alıyevlə yanaşı, həm də Zaur Məmmədov adlı əməkdaş izahat alıb. Əsasən, gömrükdən malları necə keçirmələrilə maraqlanıblar. Dindirmə zamanı Alıyevə zəng gəlib, gedib-qayıdandan sonra Zaur Məmmədova “qohum çıxdı” deyib, onu buraxmağı tapşırıb. Aldıqları izahatı cırıb, özünü də buraxıblar: “Natiq Alıyev mənə dedi ki, şərikim Arif Vəliyev Vergilər Nazirliyində İstintaq Departamentinin rəisi, general Vidadi Məmmədova zəng eləyib. Vidadi Məmmədov da onun rəisi Sübahir Qurbanova zəng eləyib, onların buraxılmasını xahiş edib. Natiq Alıyev bunları deyəndə əlavə elədi ki, “yaxşı qurtardız, sizin üçün xahiş eləyən olmasaydı, 1 milyon pulunuzu alacaqdılar”. Dedim ki, heç mənim o qədər pulum yoxdu”.

“BİLİRDİM ki, QUDADIRLAR"

Arif Vəliyev də istintaqa ifadəsində deyib ki, şərikindən MTN-ə aparılarkən zəng gələndən sonra Vidadi Məmmədova zəng eləyib: “Bilirdim ki, Vidadi Məmmədov MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi Sübahir Qurbanovun qudasıdır. Ona zəng eləyib bu məsələdə köməklik göstərməsini xahiş elədim.

Bakı , "Torqovı" küçəsi

Bundan sonra telefonuma Natiq Alıyev özü də zəng eləyib təcili MTN-ə gəlməyi tələb elədi. Daha çox narahat oldum, öz maşınımı evdə saxlayıb, taksi ilə MTN-ə getdim. Yolda olanda Natiq Alıyev Ərəstunun telefonundan azı 4 dəfə zəng elədi, mənimlə kobud danışdı. Ora çatan kimi Ərəstunun nömrəsinə zəng elədim, dedi ki, artıq buraxıblar. Ona görə mən də heç binaya daxil olmadım”.

General Vidadi Məmmədov da istintaqda dindirilib və məsələni təsdiqləyib. Əvvəllər uzun müddət Daxili İşlər Nazirliyində işlədiyini, 2010-cu ildən isə Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinə rəhbərlik etdiyini deyən Vidadi Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylar ərəfəsində vəzifədən azad edilib. Dediyinə görə, Sübahir Qurbanovla da DİN-də birlikdə işləyib, 2011-ci ildən də qudadılar: “«La Parfumery» mağazalar şəbəkəsinin sahibi Arif Vəliyevi qiyabi tanımışam. Onun qardaşı Səməd Vəliyev də Vergilər Nazirliyində işləyir. 2015-ci ilin martında Arif Vəliyev zəng edib işçisinin MTN-ə aparıldığını dedi, bunun səbəbini qudam Sübahir Qurbanovdan dəqiqləşdirməyi xahiş etdi. Mən də Sübahir Qurbanova zəng elədim, o da lazımi tədbirlər görəcəyinə söz verdi. Sonradan onların heç biri ilə bu barədə söhbətim olmayıb”.

MTN hadisələrindən sonra Vidadi Məmmədovun da saxlanıldığı haqda məlumatlar yayılsa da, təsdiqlənmədi.

NAZİR ÜÇÜN 4 MİN MANATLIQ PARFÜMERİYA ...

İstintaq materiallarına əsasən, parfümeriya ticarətçiləri o zənglə canlarını birdəfəlik qurtara bilməyiblər. Hadisədən bir müddət sonra – Novruz bayramı öncəsi yenə Əlövsət Nəsibova zəng gəlib, Natiq Alıyev onu MTN yaxınlığındakı “Sultan” kafesinə dəvət eləyib. Görüşə nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini Füzuli Əliyev də gəlib. Əlövsət Nəsibov bu görüş haqda istintaqda bunları danışıb:

“Söhbət əsnasında Fizuli Əliyev dedi ki, nazirin xarici ölkələrdən çoxlu qonaqları olur, onları yola salmaq üçün hər dəfə parfümeriya səbətləri düzəldilməlidi, özlərinə də ayda 10 min manat pul verilməlidi. Dedim ki, buna imkanım çatmır, heç özüm ayda bu qədər qazanmıram. Füzuli Əliyev və Natiq Alıyev mənə dedilər ki, “çox xəsissən, heç olmasa, bir neçə bahalı ətirlər olan parfümeriya səbəti hazırlatdır”. Razılaşdım, martın 19-20-də beş ədəd səbət hazırlatdırdım, ümumi dəyəri 4 min manat oldu”.

Parfümeriya səbətlərini Natiq Alıyev gəlib “Torqovı”dakı “La Parfumery” mağazasında Arif Vəliyevdən götürüb.

Yuxarıda adları çəkilən Füzuli Əliyev, Zaur Məmmədov və Natiq Alıyev MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mirvətova ilə birlikdə mühakimə olunacaq. Onların işi artıq məhkəməyə göndərilib. Bu cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxacaq.