«Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Qurbanovun nəşinin geri qaytarılmasından ötrü beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir».
Bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Məlumatda qeyd edilir ki, qarşı tərəf müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır:
«Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə, Ermənistanın bu qeyri-humanist hərəkətinə, hələlik, heç bir təsir göstərə bilmir. Bununla belə, bu istiqamətdə tədbirlər davam etdirilir».
Müdafiə Nazirliyinin bildirməsinə görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən pusquya düşüb. Hadisə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Çingiz Qurbanovun itkin düşdüyü bildirilirdi. Sonradan onun həlak olduğu açıqlandı.
Müdafiə Nazirliyi Çingiz Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı vasitəçilik etməkdən ötrü Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-ə müraciət etmişdi.