«Rusiyanın xarici işlər naziri Sergei Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi».
«Report»un xəbərinə görə, bunuyanvarın 19-da Milli Məclisin sədr müavini Bahar Muradova İnsan hüquqları komitəsinin iclasında deyib.
O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var: «Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik».
Rusiyanın xarici işlər naziri Sergei Lavrov bir neçə gün öncə ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi ki, Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın daxili işi deyil. Üstəlik, o münaqişənin paket həll yolundan danışmışdı.
Azərbaycan rəsmiləri isə Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli planı dəstəkləyirlər. ATƏT-in Minski qrupunun təklif etdiyi «mərhələli plan»a görə, əvvəlcə işğal edilmiş rayonlar qaytarılmalı, sonra status məsələsinə baxılmalıdır. «Paket həll» variantında isə bu prosesin paralel aparılmasından bəhs edilir. Münaqişənin həllində vasitəçi olan ATƏT-in Minski qrupu bu vaxta kimi, əsasən, 3 variant təklif edib. Paket, mərhələli və ümumi dövlət konsepsiyası. ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.