AŞPA: 'Mediaya basqılar dayandırılsın'

AŞPA

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı mediaya təzyiqlərə son qoymağa çağırıb.

Bu haqda mətbuat azadlığının durumu ilə bağlı AŞPA sessiyasında qəbul edilmiş qətnamədə vurğulanır.

2141 nömrəli qətnaməni ukraynalı deputat Vladimir Areva hazırlayıb.

Qətnamədə 2015-ci ilin yanvarından Avropa Şurasının üzvü olan dövlətlərdə media azadlığının pisləşdiyi, 16 jurnalistin öldüyü ifadə olunub.

Buna da bax:​ TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

Sənədin Azərbaycanla bağlı hissəsində ölkədə media azadlığının pisləşdiyi vurğulanır. Jurnalistlərin və bloqqerlərin intensiv təqib edildiyi bildirilir.

Azadlıq Radiosunun fəaliyyətinə şərait yaradılsın

Qətnamədə Azərbaycan hökumətinə yönəlik çağırışlar yer alıb.

AŞPA Azərbaycan hökumətini AzadlıqRadiosu-nun Azərbaycan xidməti ilə bağlı araşdırmaları dayandırmağa, Bakıda fəaliyyətə əlverişli şərait yaratmağa çağırıb.

Buna da bax: AŞPA prezidenti: 'İlqar Məmmədov azad edilməlidir'

Meydan TV-yə açılan cinayət işi ləğv olunsun

Qətnamədə Meydan TV ilə bağlı qaldırılan cinayət işi də xatırlanır. Hökumətin bu cinayət işinə son verməsi istənilir. Həmçinin, Meydan TV-nin əməkdaşlarının ölkədən çıxış yasaqlarının qaldırılması da istənilir.

Sənəddə jurnalistlərə və bloqqerlərə basqılara son verilməsi, belə basqıların effektiv araşdırılması istənilir.

Sənəddə habelə, Dağlıq Qarabağda (Azərbaycan), Abxaziyada, Cənubi Osetiyada (Gürcüstan) və Dnestryanı (Moldova) ərazilərdə media azadlığının olmadığı əksini tapıb.

Buna da bax:​ Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'

Türk mediasının durumundan narahatlıq

AŞPA Türkiyədə media azadlığının durumundan xüsusilə narahat olduğunu qeyd edib. Sənəddə bildirilir ki, terrorçuluq, milli təhlükəsizliyin qorunması ittihamları ilə yüzdən artıq jurnalist həbsə məhkum olunub. AŞPA türk hökumətini media azadlığı ilə bağlı “dramatik inkişafa” son qoymağa, həbsdəki jurnalistləri azad etməyə çağırıb.

Qətnamədə Ukraynadakı duruma da toxunulur, “işğal olunmuş Krım yarımadasında” vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edilib.

Buna da bax:​ HRW: 'Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır'

AŞPA-nın qış sessiyası Strasburqda yanvarın 23-də başlayıb. Sessiya yanvarın 27-də başa çatmalıdır.