Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Jurnalistika fakültəsinin imtahandan qəsdən kəsildikləri iddia olunan tələbələrlə görüşüb.
Bu haqda BDU-nun Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli məlumat verib.
O, APA-ya bildirib ki, rektorun qəbulunda fakültənin 13 tələbəsi iştirak edib.
«Onlar politologiya fənnindən qiymət ala bilməyiblər. Abel müəllim (Abel Məhərrəmov) onları qəbul etdi və tələbələrin imtahana zəif hazırlaşdığı məlum oldu. Bunlarla belə, rektor tələbələrə böyük qayğı ilə yanaşdı. Politologiya kafedrasının müdirinə tapşırdı ki, onlara iki günlük yenidən dərs keçirilsin ki, sualları yaxşı aydınlaşdırsınlar», - dekan deyib.
C.Məmmədli əlavə edib ki, fevralın 3-də onlar yenidən imtahan verəcəklər.
XATIRLATMA
Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 13 tələbəsi politologiya fənnindən kəsilmişdi. Tələbələr bunun qəsdən baş verdiyini düşünürdülər. Buna da səbəb kimi sosial şəbəkələrdə bir səsyazısının yayılması göstərilirdi. Həmin səsin dekan müavini Aytəkin Zeynalovaya məxsus olduğu bildirilirdi. Səsdə qeyd edilirdi ki, sosial şəbəkələrdə dekanlıqda çalışanlar tənqid edildiyi və ya lağa qoyulduqları halda tələbələr sərt şəkildə cəzalanacaqlar.
Tələbələrin sözügedən səsyazısının yayılmasına görə qəsdən imtahandan kəsildikləri iddia olunurdu.