AB-Azərbaycan məsləhətləşmələri keçirilib

Dirk Schuebel

Yanvarın 26-sı və 27-də Bakıda Azərbaycan - Avropa Birliyi (AB) birgə alt komitəsinin iclası çərçivəsində məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı nəqliyyat, energetika, ekologiya, insan hüquqları və başqa məsələlər müzakirə olunub.

“Bu məsələlər AB və Azərbaycan arasında gələcək sazişin tərkib hissələridir. Bazar ertəsi Brüsseldən yüksək vəzifəli nümayəndə heyəti Bakıya gələcək, Azərbaycan rəhbərliyi ilə yüksək səviyyədə danışıqlar aparacaq”.

Buna da bax:​ Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

Bu sözləri müzakirələrdən sonra jurnalistlərlə söhbətində AB-nin Şərq Tərəfdaşlığı proqramının bölmələrindən birinin rəhbəri Dik Şubel (Dirk Schuebel, Head of the Eastern Partnership Bilateral division) bildirib.

Saziş danışıqları başlayır

“Brüsselin nümayəndə heyəti Azərbaycan hakimiyyətinə gələcək tərəfdaşlığın prioritetlər siyahısının daxil olduğu sənəd layihəsi təqdim edəcək ”, deyə Şubel qeyd edib. O daha sonra əlavə edib:

Buna da bax: Avropa Birliyi ilə danışıqlara hazırlıq gedir

“Bakıda "Tərəfdaşlıq prioritetləri" üzrə eskiz layihəsi təqdim ediləcək. Layihə 2015-ci ilin noyabrında dərc edilən Avropa Qonşuluq Siyasəti icmalı əsasında tərtib olunub. Belə sənədlər Avropa Birliyi ilə assosiativ razılaşma olmayan ölkələrdən ötrü tərtib edilir. Sənəd növbəti üç il ərzində AB-nin Azərbaycan ilə əməkdaşlığının prioritetlərini əhatə edir. Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir sıra başqa məsələlər də sənədə daxil edilir ”, o, qeyd edib.

Baş tutan danışıqlara toxunan Şubel onları müsbət qiymətləndirib və Azərbaycan tərəfin Avropa Birliyi ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

Buna da bax:​ Azərbaycan-AB biznes forumu keçiriləcək

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edib.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.