Azərbaycan rəsmiləri AB elçilərini qəbul edib

Christian Danielson

Prezident Kristian Danielsonu qəbul edib

Prezident İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun (Christian Danielson) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə ölkə başçısının rəsmi internet səhifəsi xəbər verib.

İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi haqda danışıb. Prezident qeyri-neft sektorunun inkişafı, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən bəhs edib.

Buna da bax:​ Avropa Parlamenti rəhbərliyindəki dəyişikliyə Bakıda niyə sevinirlər?

O, həyata keçirilən mühüm layihələrin Avropa Birliyi ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd edib.

K. Danielson görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xarici İşlər nazirliyində görüş

“Tərəfdaşlıq sazişinin imzalanması Avropa Birliyi (AB) ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcək”.

Yanvarın 30-da Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun (Christian Danielson) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Buna da bax: Bakı Avropa siyasətçisinə rüşvəti Britaniya ofşorları ilə ödəyib?

Nazirliyin mətbuat xidməti xəbər verir ki, Azərbaycan ilə AB arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri görüşdə əsas müzakirə mövzularından olub.

Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, AB ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

E.Məmmədyarov Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılmasından ötrü Avropa Komissiyasına mandatın verilməsini təqdir edib.

K.Danielson isə Avropa Birliyinin Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Buna da bax:​ Avropa Birliyi rəsmiləri Bakıya əməkdaşlıq sənədi gətirirlər

Görüşdə nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.

Azərbaycan ilə AB arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası da görüşdə diqqət mərkəzində olub. Hər iki layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edib.

Buna da bax: AB-Azərbaycan məsləhətləşmələri keçirilib

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bundan sonra isə çərçivə sazişi imzalanmalıdır.