'Mədən Şəffaflığı'nın üzvü polisdə sorğu-sual edilib

Tural Sadıqlı

Mədən Sənayesində Şəffaflığın Artırılması (EİTİ) Koalisiyasının Şura üzvü Əlövsət Əhədoğlu yanvarın 30-da Sabunçu Rayon Polis İdarəsində 2 saat sorğu-sual edilib.

Bu haqda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Hüquq müdafiəçisi Ə.Əhədoğlunun polisə dəvət edilməsinin Almaniyada yaşayan oğlu Tural Sadıqlının fəaliyyəti, siyasi məhbus sayılan şəxslərlə bağlı bu yaxınlarda Berlində aksiya təşkil etməsi ilə əlaqəli olduğunu güman edir.

Buna da bax:​ Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

Hüquq müdafiəçisi diqqəti olayın EİTİ İdarə Heyətinin sədri Fredrik Reynfeldt-in Bakıya gözlənilən səfəri ilə eyni zamana düşməsinə çəkib.

“Koalisiya üzvünün oğlunun fəaliyyətinə, düşüncələrinə görə polisə çağırılıb sorğu-sual edilməsi cənab Reynfeldtlə müzakirəyə əlavə mövzu verir. Bu mövzunu müzakirəyə biz yox, hökumət özü verir”, hüquq müdafiəçisi qeyd edib.

Ə.Əhədoğlunun Almaniyada yaşayan oğlu Tural Sadıqlı da atasının polisə çağrıldığını təsdiq edib.

“Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub”, deyə T.Sadıqlı özünün Facebook səhifəsində yazıb.

Buna da bax: 'Bu hadisələr məsuliyyətsizliyin, qohumbazlığın nəticəsidir'

Tural Sadıqlı bildirmişdi ki , hələ ötən həftə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin sahə müvəkkili qardaşını və atasını polisə çağırmışdı. Ancaq atası nənəsinin vəfatı ilə bağlı rayonda olduğundan sahə müvəkkilinin istəyi gerçəkləşməmişdi.

T.Sadıqlının atası Əlövsət Sadıqlı özü də bu barədə Facebook-da münasibət bildirmişdi. O, ailəliklə polisə çağrılmalarını xeyir əlamət saymamışdı. «Yəqin ki, yuxarıdan yeni sifariş gəlib. Sifariş əsasında ya polisə müqavimət, ya narkotik, ya silah, ya kiməsə xəsarət yetirmə, ya da istənilən başqa bir cinayət maddəsinə «qonaq edilmək» üçün çağrılırıq»,- deyə o yazıb.

2 saat Sabunçu Rayon Polis İdarəsində sorğu-sual edilən Ə.Əhədoğlu indi hər hansı açıqlama yaymayıb.

Buna da bax:​ Berlində yaşayan fəalın ailəsi polisə çağrılıb

XATIRLATMA

Yanvarın 18-də Avropada yaşayan azərbaycanlılar Berlindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası keçirib. Onlar son illər ölkədə müstəqil və müxalif fikirli insanlara təzyiqlər olduğunu, qanunsuz həbslər aparıldığını bildirərək, buna son qoyulmasını tələb ediblər.