“Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirakla bağlı 50 ölkədən təsdiq cavabı almışıq. 7 ölkənin nümayəndə heyəti bəzi səbəblərə görə gələ bilmir. Bir neçəsinin maliyyə problemi var. Çalışırıq ki, onlara da kömək edək”.
Gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarına hazırlıq barədə danışarkən jurnalistlərə belə deyib.
Nazir çatışmazlıqların aradan qaldırılacağını, hədəfin 57 islam ölkəsinin hamısının yarışda iştirakını təmin etmək olduğunu deyib.
Buna da bax: 'İslam həmrəyliyi ili'nə start verilir
“Çalışırıq, bu rekordu vuraq”, deyən nazir I Avropa Oyunlarındakı kimi avtobuslardan yox, daha ucuz və əlverişli vasitədən istifadə olunacağını bildirib. Ancaq o, həmin vasitə haqda detallı danışmayıb.
A.Rəhimov “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin hazırlıqlarının da plan üzrə getdiyini ifadə edib.
IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-nə, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi yarışları isə iyunun 23-dən 25-nə kimi Bakıda keçiriləcək.
Buna da bax: Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili
Bu ilin dövlət büdcəsində beynəlxalq idman oyunlarının təşkilinə 300 milyon manatdan çox vəsait ayrıldığı bildirilir.
Azərbaycanın müxalifət partiyaları həmin pulların idman yarışlarının təşkilinə xərclənməsini düzgün saymırlar. Onların fikrincə bu pullar əhalinin sosial problemlərinin həllinə yönəldilməlidir.