Köçkünlər Yasamalda sayğaca 'yox' dedilər

Qaz sayğacı

Bu gün, fevralın 2-də Yasamal rayonunda məskunlaşan bir qrup məcburi köçkün sayğacların quraşdırılmasına etiraz ediblər.

“Azərqaz” İstehsalat Birliyi və “Azərışıq”ASC nümayəndələri günorta saatlarında rayonun məcburi köçkünlərin məskunlaşdığı Zahid Xəlilov 85, bina 14 ünvanda sayğac quraşdırmaq istəyiblər.

Bu zaman onlarla sakinlər arasında mübahisə yaranıb. Məcburi köçkün xanımlardan birinin özünü yandırmaq istədiyi bildirilir.

Buna da bax:​ Pirşağıda məcburi köçkünlər etiraz edir

Əraziyə gələn polis əməkdaşları buna imkan verməyiblər.

Məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən narazılıq ediblər.

Onların deməsinə görə, Komitə illərdir ki, onları evlə təmin edəcəyinə söz verib.

“Ancaq əməl etmirlər. Burda həyat şəraiti dözülməzdir, bir otaqlı mənzillərin çoxunda 2 ailə məskunlaşıb. Mənzillər bəs deyilmiş kimi, ümumi istifadədə olan hamam və mətbəxlərə də sayğac quraşdırmaq istəyirlər. Necə müəyyən edəcəyik ki, orda qazdan, işıqdan kim nə qədər istifadə edib? Bizə artıq bir şey lazım deyil, ya bizi torpaqlarımıza qaytarsınlar, ya da mənzillə təmin etsinlər”, məcburi köçkünlər bildiriblər.

Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

Etiraz nəticəsində binada sayğacların quraşdırılması təxirə düşüb.

Pirşağı qəsəbəsində məskunlaşan məcburi köçkünlər də fevralın 1-də eyni məzmunlu aksiya keçirmişdilər.

Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Qızılqum, Gilavar, Məşəl, Tonqal, Lalə və başqa düşərgələrdə məskunlaşan məcburi köçkünlər sayğac quraşdırılmasına imkan verməmişdilər.

Xatırlatma

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Buna da bax:​ Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.

Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.

Sərəncamda həmçinin, məcburi köçkünlərin məskunlaşdığı tikililərin sayğaclaşdırılması da nəzərdə tutulub.