Fuad Əhmədli yenidən 'kars'a salınıb

Fuad Əhmədli.

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin yenidən cərimə kamerasına (kars) salındığı bildirilir.

Bu haqda onun vəkili, fevralın 6-da Kürdəxanıdakı istintaq təcridxanasında olan Əsabəli Mustafayev xəbər verib.

“Fuad Əhmədli ilə görüşdüm. Məlum oldu ki, şənbə günü onu yenə karserə salıblar. Səbəb ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olub. Məsələ burasındadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı verilib. Ancaq Fuad Əhmədliyə münasibətdə bu, istisnadır. Bu səbəbdən kameradakılar qidanı müxtəlif üsullarla qızdırmalı olurlar. Bunu kameradakıların hamısı edir. Ancaq təqsirkar Fuad Əhmədli bilinib”, vəkil deyib.

Buna da bax:​ Vəkil: Bu istintaq yox, cəzadır

Vəkil F. Əhmədlinin, artıq ikinci dəfədir ki, əsassız olaraq cərimə kamerasına salındığını, bunun gəncin sağlıq durumundakı problemləri daha da artırdığını deyib.

Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Buna da bax: Həbs uzadılsa da istintaq aparılmır

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülenin çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

Buna da bax:​ Fuad Əhmədlinin müayinəyə ehtiyacı var

Hazırda ABŞ-da yaşayan Fetullah Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. F.Gülenin özü isə bu iddiaları yalanlayıb. Azərbaycan hüquq mühafizə orqanları bəyan ediblər ki, F. Gülenin tərəfdarlarının üzə çıxarılmasında Türkiyə hökumətinə dəstək verəcəklər.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.