Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə təzyiqlə üzləşdiyini deyir.
Onun bildirdiyinə görə, fevralın 7-də vəkil sənədlərini saxladığı kirayə mənzilə gələrək onu qeydiyyata düşmədiyi əsası ilə cərimə eləmək istəyiblər.
“Fevralın 7-də sahə müvəkkili və mülki geyimli şəxs vəkil sənədlərimi yığdığım mənzilə gələrək, məni guya qeydiyyata düşmədiyim üçün cərimə etməyə cəhd etdi. Halbuki, mən orada ümumiyyətlə yaşamıram və öz mülkiyyətimdə olan iki otaqlı evdə ailəmlə birlikdə yaşayıram”, vəkil bildirib.
Buna da bax: Vəkil: 'Narahatlığım qalmaqdadır'
O, bunun qanunsuz olduğunu və peşə fəaliyyətindən irəli gəldiyini qeyd edib. E. Sadıqovun fikrincə, baş verən olay onu siyasi işlərdə fəal vəkillik fəaliyyətindən çəkindirmək niyyəti daşıyır.
Vəkil həmçinin vurğulayıb ki, 2016-cı ilin noyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhdidlərinə məruz qalıb .
Elçin Sadıqov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna istinad edərək, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəkillərə öz peşə borclarını yerinə yetirməyə yardım etməyə borclu olduğunu da vurğulayıb.
Buna da bax: Vəkillərə təzyiq pislənir
Vəkil əlaqəli qurumları qanuni peşə fəaliyyətini yerinə yetirməsinə yaradılan əngəlləri aradan qaldırmağa səsləyib.
Elçin Sadıqov əsasən, siyasi məzmunlu məhkəmə işlərindən - siyasi fəalların, jurnalistlərin müdafiəsi ilə tanınır.
O, hüquq müdafiəçisi Leyla Yunusun, gənc fəallar Qiyas İbrahimovun, Bayram Məmmədovun, bloqqer Mehman Hüseynovun, jurnalistlər Fikrət Fərəməzoğlu, İkram Rəhimov və Əfqan Sadıqovun vəkilidir.
Buna da bax: 'Prokuror qarşısında boynunu bükən, 'makler-vəkil'lərlə kimsənin işi yoxdur'
Onun bu açıqlamasına, hələlik, daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Vəkilin ötən ilin noyabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhdidlərinə məruz qalması haqda şikayətlərinə də indiyə kimi həmin qurumdan, hər hansı münasibət bildirilməyib.