Fevralın 9-u Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzeti, “Azadlıq.info” MMC-nin və “azadlıq.info” saytının vergi yoxlamasına cəlb edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətə baxılacaq.
Proses saat 12:30-da başlayacaq.
Buna da bax: HRW: 'Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır'
Nəsimi Rayon Məhkəməsi qəzetin və saytın vergi yoxlamasına cəlb olunması barədə qərarı ötən ilin noyabrın 18-də verib. Bu Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında qəbul edilib.
Ötən ilin sentyabrından “Azadlıq” qəzetinin çapı dayanıb.
Buna da bax: 'Azadlıq'ın baş redaktor müavini prokurorluqda dindirilib
Bundan əvvəl, avqustun 20-si qəzetin yayım üzrə direktoru F.Əmirli saxlanıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Ancaq ona həbsindən bir qədər sonra sırf “Azadlıq” qəzetinin maliyyə məsələləri ilə bağlı suallar verildiyi bildirilir.
Qəzetin baş redaktor müavini Rahim Hacı və bir sıra əməkdaşların da prokurorluqda ifadələri alınıb. Qəzetin baş redaktoru Qənimət Zahid hazırda mühacirətdədir. “Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap edilirdi.
Buna da bax: 'Hansı mətbuat orqanı 'Azadlıq' qədər repressiyalara məruz qalıb?'