'Azadlıq' qəzetinin şikayəti qəbul edilmədi

'Azadlıq' qəzetinin keçmiş ofisi.

Fevralın 9-u Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzeti, “Azadlıq.info” MMC və “azadlıq.info” saytının vergi yoxlamasına cəlb edilməsindən verilən şikayəti qəbul etməyib.

Bu haqda AzadlıqRadiosu-na hüquqşünas Səməd Rəhimov məlumat verib.

Buna da bax:​ 'Azadlıq' qəzetinin şikayətinə baxılacaq

O deyib ki, “Azadlıq” qəzetinin yayım direktoru F.Əmirlinin həbsindən sonra istintaqı aparan Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Nəsimi Rayon Məhkəməsinə adları çəkilən qurumların vergi yoxlamasına cəlb edilməsi barədə sənəd göndərib: “Nəsimi Rayon Məhkəməsi də 2016-cı ilin noyabrında bu qurumların vergiyə cəlb olunması haqda qərar verib. Burada məsələnin maraqlı tərəfi budur ki, F.Əmirliyə qarşı vergi ittihamı irəli sürülməyib. Digər tərəfdən isə istintaq idarəsi vergi araşdırmasında müddət kimi 2010-2016-ci illəri götürüb. Halbuki, qanunvericilikdə bu müddət 3 ildən çox ola bilməz. Yəni araşdırma 2013-2016-cı illəri əhatə edə bilər”.

S.Rəhimov deyir ki, bundan irəli gələn şikayətləri ilə bağlı Bakı Apellyasiya Məhkəməsində baxış olub: “Biz istintaqın bu tələbini və eləcə də Nəsimi Rayon Məhkəməsinin qərarını əsassız hesab etdiyimiz üçün ləğv olunmasını tələb etdik. Amma Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı. Qərarı almamışıq, alandan sonra biəcəyik ki, Apellyasiya Məhkəməsi nəyi əsas gətirərək Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb”.

Buna da bax: 'Azadlıq'ın baş redaktor müavini prokurorluqda dindirilib

Xatırlatma

Nəsimi Rayon Məhkəməsi qəzetin və saytın vergi yoxlamasına cəlb olunması barədə qərarı ötən ilin noyabrın 18-də verib.

Ötən ilin sentyabrından “Azadlıq” qəzetinin çapı dayanıb.

Bundan əvvəl, avqustun 20-si qəzetin yayım üzrə direktoru F.Əmirli saxlanıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Ancaq ona həbsindən bir qədər sonra sırf “Azadlıq” qəzetinin maliyyə məsələləri ilə bağlı suallar verildiyi bildirilir.

Buna da bax: 'Hansı mətbuat orqanı 'Azadlıq' qədər repressiyalara məruz qalıb?'

Qəzetin baş redaktor müavini Rahim Hacı və bir sıra əməkdaşların da prokurorluqda ifadələri alınıb. Qəzetin baş redaktoru Qənimət Zahid hazırda mühacirətdədir. “Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap edilirdi.