Bloqqerin məhkəməsi təxirə salındı

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramil Usubov bloqçunun cəzalandırılmasını istəyir

Bloqqer Mehman Hüseynovun məhkəməsi təxirə salınıb.

Bu barədə jurnalistlərə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəlik deyib ki, proses fevralın 17-si saat 10:30-a təxirə salınıb: «Baxmayaraq ki, biz məhkəmə iclasına hazır idik. Xüsusi ittiham qaydasında şikayət tam əsassızdır. Mən artıq dəftərxanaya bununla bağlı şikayət verdim».

Vəkil prosesə jurnalistlərin buraxılmamasına da münasibət bildirib: «İşə Suraxanı Rayon Məhkəməsində baxılır. Məhkəmə zalında cəmi 7-8 nəfərlik yer ver. Əslində, bu işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İşdə də gedir ki, Mehman Hüseynov işgəncəyə məruz qalması ilə bağlı açıqlamanı Nəsimi Rayon Məhkəməsi önündə verib».

Bir gün əvvəl, fevralın 9-da vəkil Elçin Sadıqov bildirmişdi ki, bloqqer Mehman Hüseynovla bağlı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında şikayət verib.

Mehman Hüseynov: Məni qorxutmaq istəyirlər

«Hakim prosesdə məndən soruşdu ki, Mehman Hüseynov sənsən. Mən də dedim ki, artıq özümə şübhə edirəm. 3 ildən çoxdur mənə şəxsiyyət vəsiqəsi verilmir. Hər halda cənab hakim mənin Mehman Hüseynov olduğumu, necə olsa, siz təsdiq etməlisiniz».

Bunu hazırlıq iclasından sonra jurnalistlərə açıqlamasında Mehman Hüseynov qeyd edib. M.Hüseynov deyib ki, prosesin təxirə salınmasını onlar da istəyiblər: «Çünki mən ittihamla tanış deyiləm. Dövlət mənə vəkil təyin etmişdi. Ondan imtina etdik. Daxili İşlər Nazirliyinin irəli sürdüyü bu şikayət tam saxtadır. Məqsəd mənim fəaliyyətimə mane olmaqdır. Məni qorxutmaqdan ötrü bu vasitədən istifadə edirlər».

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.