Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə Nardaran məhbusu Cabbar Cabbarovun şikayətinə baxılıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
Şikayətdə C.Cabbarovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığı bildirilir.
Vəkil qeyd edib ki, Baş Prokurorun müavini Rüstəm Usubov bu şikayətlə bağlı cinayət işinin başlanılmasını rədd etmişdi. Həmin qərardan verilən şikayəti də bu il fevralın 2-də Səbail rayon Məhkəməsi geri qaytarıb. İndi baxılan şikayət həmin qərardan verilib: «Apellyasiya şikayəti təmin edilmədi. Artıq bu ağır işgəncələrdən və onun araşdırılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm»,-deyə vəkil vurğulayıb.
C.Cabbarov «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovla mühakimə olunub və 19 il azadlıqdan məhrum edilib.
XATIRLATMA
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.
Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Onlara 20 ildən 10 ilə kimi həbs cəzaları verilib.
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər. Onlar tutulanda və istintaq müddətində işgəncələrə məruz qaldıqlarını bəyan ediblər.
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.