Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənclərdən biri Bayram Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda gənc fəalın vəkili Elçin Sadıqov məlumat yayıb.
Beynəlxalq insan haqları təşkilatlarının “vicdan məhbusu” elan etdiyi şəxslərdən NİDA-çı gənc İlkin Rüstəmzadə, AXCP üzvü Murad Ədilov da hazırda 13 saylı cəzaçəkmə müəssisəndə saxlanılır.
Bayram Məmmədovu digər gənc fəal Qiyas İbrahimovla 2016-cı il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.
Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri “siyasi məhbus” terminini qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Sizin brauzer HTML5-i dəstəkləmir